1 kodu üzrə icazələrin verilməsinə görə məhdudiyyət yoxdur - RƏSMİ
GÜNDƏMAzərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimində evdən çıxma icazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və ya olduğu yeri tərk etmələri icazə əsasında həyata keçirilir.
DAİM.AZ xəbərinə görə, icazələr təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar verilir.
Belə ki, 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir).
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "Report"a bildirilib ki, gün ərzində 1 indeks üzrə alınan icazələrin sayına görə məhdudiyyət nəzərdə tutulmayıb. Qeyd olunub ki, 1 rəqəmindən icazələrin sayına təxirəsalınmaz tibbi zərurətlə əlaqədar olduğu üçün məhdudiyyət tətbiq edilməyib.
"Çünki vətəndaşın gün ərzində qrafik üzrə bir neçə dəfə müalicə alması mümkündür", - deyə məlumatda bildirilib.
2 rəqəmi vasitəsilə icazə isə ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.
Bundan başqa, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 20-də keçirilən brifinqində gün ərzində SMS icazə sistemi vasitəsilə 1 kodundan istifadə edən şəxsin 2 kodundan da istifadə edə bilməsinin mümkün olduğunu vurğulayıb. Dövlət Agentliyinin sədri bununla yanaşı, vətəndaşları sui-istifadə hallarına yol verməməyə, yalnız zəruri hallarda və təyinatı üzrə SMS icazə sistemindən istifadə etməyə çağırıb. Sui-istifadə hallarına yol verilməsinin isə karantin rejiminin pozulması kimi qiymətləndiriləcəyi və bununla bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilib.
Bundan əlavə, koronavirus testinin cavabı pozitiv çıxdığı üçün evdə müalicəyə cəlb olunan və özünütəcrid rejimində olan şəxslərin SMS icazə sistemindən istifadəsi mümkün olmayacaq.
Həmin şəxslərin siyahısı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Dövlət Agentliyinə təqdim edilib.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilib.
Maraqlana bilərsizr