© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

11 yaşayış məntəqəsini birləşdirəcək yeni yol çəkilir

4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

AAYDA-nın  “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında İsmayıllı rayonunun 11 yaşayış məntəqəsini birləşdirəcək yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir ki, sözügedən istiqamətdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması gediş-gəliş üçün problemlər yaradırdı. Xüsusən də payız-qış mövsümündə gediş-gəliş çətinləşirdi. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işlərinin aparılmasına başlanılıb. Yenidənqurma zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan işlər bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Belə ki, yollar boyu yararsız qrunt qazılıb kənarlaşdırılır, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə qaldırılır.

Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin körpülərin təmiri layihə üzrə həyata keçirilir. Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək. Çünki tarix və mədəniyyəti, əsrarəngiz təbiəti ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan sənətkarlıq mərkəzlərindəndir. Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə yaşadan və vahid memarlıq prinsipləri əsasında salınan nadir ərazilərdəndir.

Azərbaycan mədəniyyətinin nümunələrindən sayılan ”Azərbaycan kəlağayısı sənəti” 2014-cü ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına məhz Basqal kəlağayısının timsalında daxil edilmişdir. Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR