ABŞ Türkiyəni sanksiya ilə hədələyir
DÜNYARusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edən Vaşinqton istəyir ki, Ankara Moskvanın hərbi əməliyyatlarında və müharibələrində böyük rol oynayan kommersiya fəaliyyətinin qarşısını almaq üçün əlavə addımlar atsın.
Reyting.az xəbər verir ki, ABŞ Ticarət nazirinin müavini Metyu Akselrod NATO ölkəsi olan Türkiyədən Rusiyaya ixracı məhdudlaşdırmaqda dəstək gözlədiklərini xatırladıb. O, əks halda Türkiyə üçün “nəticələrin” olacağı ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, Amerika ilə münaqişədə olan ölkələrin həssas texnologiya məhsullarına çıxışının məhdudlaşdırılması üzrə işlərə rəhbərlik edən Akselrod bu yaxınlarda Ankara və İstanbulda Türkiyə rəsmiləri ilə görüşüb.
“ABŞ texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almaq üçün Türkiyənin köməyinə ehtiyacımız var”, - deyən nazir müavini əlavə edib:
“Türkiyə səlahiyyətliləri və sənayesinin sürətlə irəlilədiyini görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanlara qarşı sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”.
Bu görüşlə bağlı “Financial Times”ə məlumat verən Ticarət Nazirliyinin yüksək vəzifəli şəxsi bildirib ki, Akselrod səfər zamanı Türkiyəyə Amerika mənşəli çiplərin və Moskva üçün çox vacib olan digər hissələrin ticarətinin qarşısını almaq üçün daha çox çalışmaq mesajı verib.
Həmçinin ABŞ-nın Türkiyənin ixrac nəzarətlərini pozaraq, prosessorlar, yaddaş kartları, gücləndiricilər də daxil olmaqla Qərb istehsalı olan elektron cihazların Rusiya raketlərinə və pilotsuz uçuş aparatlarına getdiyi mühüm mərkəzə çevrilməsindən xüsusilə narahat olduğu bildirilib.
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və digər Qərb tərəfdaşları 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə qarşı hərtərəfli sanksiyalar tətbiq etsə də, Türkiyə bu sanksiyalara qoşulmayıb. Bu səbəbdən də Amerika rəsmiləri Türkiyəyə dəfələrlər oxşar xəbərdarlıqlar ediblər.
E. KAMAL
Maraqlana bilərsizr