© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Araz Ağalarov ərzağın bahalaşması, maaş və pensiyaların çox aşağı olması haqda

Azərbaycan əsilli rusiyalı biznesmen-oliqarx Araz Ağalarov RBC agentliyinə geniş müsahibə verib, öz biznesindən, Rusiyada büdcə vəsaitləri hesabına həyata keçirdiyi iri infrastruktur layihələrinin vəziyyətindən və digər mövzulardan danışıb. virtualaz.org xəbər verir ki, biznesmen Rusiyada ərzağın bahalaşmasına və hökumətin ərzaq qiymətlərini tənzimləmək üçün göstərdiyi cəhdlərə də münasibət bildirib.

“Mən bunu mənasız hesab edirəm. Ərzaqda çox böyük rəqabət var və biz hamımız öz aramızda rəqabət aparırıq -“Qlobus”, “Aşan”, “Tvoy dom” (Rusiyanın iri supermarket şəbəkələri, sonuncu Ağalarovun “Crocus Group” şirkətinə daxildir,-red.), ona görə də heç bir kartel sövdələşməsi ola bilməz. Kim kimlə sövdələşəcək axı? Bizdə təxminən 200-300 adda mal qrupu var ki, qiymətin üstünə cəmi 10 faiz qoyuruq. Orada nəyi qaldırmaq olar? Əgər şəkər təchizatçıda 20 rubldursa biz onu 22 rubla satırıq. Əgər çıxış qiyməti 40 rubldursa 44 rubla satırıq. Hesab edirəm ki, istehsalçılar da qiyməti elə-belə qaldırmayıblar, onlar qiymətləri süni şəkildə qaldırmaq iqtidarında deyillər”,- Ağalarov deyib.

Bəs əslində ərzaq qiymətləri niyə qalxır? Araz Ağalarova görə səbəb odur ki, gübrənin, yanacağın qiyməti qalxır, digər nəqliyyat xərcləri artır, əmək haqları xərcləri artır. “Əgər ticarət şəbəkəsində qiymətlər qalxırsa bu kiminsə iradəsi deyil, bazar özü belə formalaşır”, - o bildirib.

Biznesmen hesab edir ki, əsl problem əmək haqları və pensiyaların aşağı olması, istehlak tələbatının zəifləməsidir.

“Rusiyada prinsipcə istehlak tələbatı çox kiçikdir. Məsələn, ABŞ-da işsizliyə görə müavinət ayda 2800 dollar təşkil edir (biznesmen müsahibənin əvvəlində qeyd edib ki, bu günlərdə Birləşmiş Ştatlarda səfərdə olub orada hər yerdə insanlardan kovid-pasportlar tələb edildiyini görüb,-red.)  və hansı mağazaya girsən adamla doludur. Hətta brend mağazalarda mallar satılıb tükənib. Bizdə bunun tam tərsidir-orta əmək haqqı və pensiya çox aşağıdır. Bütün bunlar sonda ticarətdə problemli situasiya yaradır-ticarət mərkəzlərindəki icarəçilərdə və daha sonra ticarət zənciri boyu”, - Araz Ağalarov deyib.

Biznesmen razılaşır ki, qiymətləri inzibati yollarla tənzimləmək əvəzinə Rusiyada əhalinin sosial müdafiəsini gücləndirmək lazımdır.

“Əgər sosial dəstəyi artırsalar mal dövriyyəsi də artacaq, büdcəyə daxilolmalar da, nəticədə iqtisadiyyatda artım baş verəcək”, - Ağalarov deyib.

virtualaz.org

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR