© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan Avropa qaz bazarında yer alır

Ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsini təşkil edən Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi artıq başa çatıb. Bununla da “XXI Əsrin Konraktı” adlandırılan “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi tam olaraq başa çatdı. Növbəti mərhələdə, daha dəqiq desək, ilin sonuna qədər layihənin ticarət əməliyyatlarına keçid etməsi gözlənilir.

Layihəyə əsasən, TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşir və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin, Adriatik dənizindən keçərək təbii qazı İtaliyanın cənubuna nəql edir. 

Qeyd etmək lazımdır ki, TAP layihə “Cənub Qaz Dəhlizi”nin digər tərkib hissələri ilə də birbaşa əlaqəlidir. TAP-ın kommersiya fəaliyyətinə başlaması ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsinin növbəti mərhələsinin tam gücü ilə işə düşməsi deməkdir. Azərbaycan tərəfindən SOCAR-ın da bu nəhəng layihənin bütün seqmentlərində - “Şahdəniz”, “Cənubi Qafqaz Boru Kəməri” (SCP), TANAP və TAP boru kəmərlərində mühüm iştirak payı var. 

Trans Adriatik Boru kəməri layihəsinin bundan sonrakı mərhələsini TAP-ın İtaliyanın qaz paylama şəbəkəsinə qoşulması prosesləri əhatə edəcək. TAP-ın İtaliyanın qaz paylama şəbəkəsinə qoşulması noyabr ayının ortalarında baş tutması gözlənilir. Nəzərdə tutulduğu kimi, ilin sonuna qədər Azərbaycanın təbii qazı kommersiya məqsədli İtaliya, oradan isə digər Avropa ölkələrinə nəql ediləcək. Beləliklə, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətinə təbii qaz təchizatına start veriləcək. 

Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. 

Bu layihə ilə Azərbaycanın təbii qazı, tarixdə ilk dəfə olaraq, birbaşa xətt üzrə Avropaya çatdırılacaq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu daha da artıracaq. TAP-ın kommersiya fəaliyyətinə başlaması ilə Azərbaycan həm də gələcəkdə Avropa və Asiya arasında enerji daşınmalarının hesabına həm də iki qitənin enerji mərkəzinə çevrilmək imkanını əldə edir.

Layihənin sonrakı mərhələrdə iştirakçı ölkələrin və layihəyə qoşulma iddiasında olan şirkətlərin sayının artması gözlənilir. Bununla da layihənin miqyasının genişlənəcəyi ehtimal olunur. Əlavə etmək lazımdır ki, layihəyə bütün region ölkələri və nəhəng şirkətləri tərəfindən böyük maraq var. Bu isə o deməkdir ki, Azərbaycan yaxın gələcəkdə regionun enerji xəritəsini dəyişə bilər. 

Dünya enerji bazarında mühüm paya sahib şirkətlərin də layihəyə investisiyaları cəlb edilib. Bütün bunların fonunda layihə həm Avropa İttifaqı, həm Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənir, ümumiyyətlə, regional səviyyədə böyük dəstəyə malikdir.

2020-ci ildə Avropanın qaz istehlakının təqribən 560 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır. Azərbaycan ilkin mərhələdə həmin bazara 10 milyard kubmetr, sonrakı mərhələlərdə, təxminən, 2025-ci ilə qədər 20 milyard kubmetr qədər artıra bilər. 

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinə xarici investorlar tərəfindən 30 milyard dollar, Azərbaycan tərəfindən isə 10 milyard dollar investisiya qoyulub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR