Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir
MƏDƏNİYYƏTNoyabrın 19-da Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BQFF) açılış mərasimi olub.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev çıxış edərək bildirib ki, mərkəz festivalın daha geniş tanınmasında 12 ildir çalışır. O, əminliyini ifadə edib ki, noyabrın 23-dək davam edəcək festivalda tamaşaçılar bir-birindən maraqlı filmləri izləyəcəklər. Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Festivalın əhəmiyyətindən söz açan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, təmsil etdiyi qurum kinonun inkişafına xüsusi diqqət yetirir: "Mədəniyyətin vacib sahələrindən biri olan kino gəlirli bir sahədir. Kino mədəniyyətin inkişaf mərhələsinin göstəricilərindən biridir. Bu istiqamətdə Azərbaycan Kino Agentliyinin yaradılmasının son mərhələsindəyik. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik. Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin".
Bildirilib ki, festivala 76 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.
Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqədə iştirak hüququ qazanıb.
Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.
Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair, mədəniyyət sahəsində də bir çox məqalə və esselərin müəllifi Səlim Babullaoğlu, Xalq artisti, yaratdığı bütün obrazlarda özünəməxsusluğu ilə seçilən aktrisa Mehriban Zəki, bir çox kinofestivalların iştirakçısı və qalibi kinorejissor Elməddin Alıyev yer alır.
Sonra festivalın xarici və yerli münsiflər heyəti səhnəyə dəvət olunub. Çıxışlarda qeyd edilib ki, bu il festival ilk dəfə olaraq Azərbaycan kinosunda xidmətlərinə görə “Qızıl Nar” mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.
Builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltaraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa, Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın builki qaliblərə xüsusi töhfəsi də var. Belə ki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5 min manatdır.
12-ci kinoforumun film proqramı zənginliyi ilə seçilir. Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq.
Festivalın daha bir sürprizi Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) namizədlərinin xüsusi nümayişi olacaq. “British Council” ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.
Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.
Kann, Venesiya, Berlin Film festivallarında, Oskarda mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 2 mindən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.
Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Qeyd edək ki, “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “ÖZ Film” şirkəti, “British Council” yer alır.
Maraqlana bilərsizr