Bu gündən “baş etibarnamə” onlayn qaydada veriləcək
GÜNDƏMAzərbaycanda nəqliyyat vasitələri üçün “baş etibarnamə”lər onlayn qaydada verilə biləcək.
Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, ötən ildən “Mobil notariat” telefon tətbiqi vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair, həmçinin vəkillərə verilən və sosial etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu tətbiq vasitəsilə həmin xidmətlərdən qısa müddətdə on minlərlə insan yararlanıb.
Ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə mobil notariatın imkanları genişləndirilərək növbəti addım kimi, əhaliyə yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti təqdim olunur.
Bu xidmət mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxsin avtomobilin satılması, bağışlanması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə verilməsi, daxili işlər orqanlarında qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması üzrə səlahiyyətlərin seçim üzrə bütünlüklə yaxud qismən digər şəxsə verilməsini təmin edir.
Yeni mobil tətbiq vasitəsilə, avtomobil sahibləri, o cümlədən ölkədən kənarda olan vətəndaşlarımız mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə dair etibarnaməni heç yerə getmədən onlayn qaydada verə biləcəklər.
Fasiləsiz rejimdə göstərilən yeni xidmətin əsas özəlliyi ilk dəfə olaraq etibarnamələrin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir ki, bu da həmin əqdlər üzrə sui-istifadə və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir.
Etibar edən şəxsin razılığı barədə "Mobil notariat" tətbiqində aparılmış video çəkiliş aidiyyəti notarius tərəfindən yoxlanıldıqdan və etibar edən şəxs isə hüquq və vəzifələri barədə ətraflı izahlar əldə etdikdən sonra etibarnamə qanunvericiliyə uyğun qaydada təsdiq edilir.
Etibarnamələrin elektron nüsxəsi mobil tətbiqin qovluğunda saxlanılmaqla istənilən yerdə təqdim oluna bilər. Eyni zamanda verilmiş etibarnamələr təsdiq edildikdə bu barədə məlumat dərhal daxili işlər orqanlarına informasiya sistemi vasitəsi ilə ötürülür.
Bu gündən tətbiq edilən yeni xidmətdən nəqliyyat vasitələrinin mülkiyyətçiləri mobil telefonların App Store və Google Play satış platformalarından "Mobil notariat" tətbiqini ödənişsiz yükləməklə, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə rahatlıqla istifadə edə bilərlər.
Elektron etibarnamələrin verilməsi qaydası barədə ətraflı məlumat Ədliyyə Nazirliyinin “facebook” sosial şəbəkə səhifəsində yerləşdirilib.
Maraqlana bilərsizr