© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Deputat dayanma-durma, plyonkalarla bağlı yenilikləri şərh etdi

Milli Məclisin iclasında deputat Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edib.

 K.Cəfərov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim edilən qanun layihələrinin məqsədi yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir.  

“Təklif edilən yeniliklər bir neçə istiqamətdə qruplaşdırıla bilər.

Birincisi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Belə ki, Dövlət Yol Polisi əməkdaşları bu məlumatları bort-kompüterlər vasitəsilə yoxlayacaqlar.

İkinci əsas istiqamət və ictimaiyyətdə geniş müzakirələrə səbəb olan dayanma və durma qaydalarının pozulması ilə bağlıdır. Layihədə qeyd edilir ki, sürücü eyni inzibati xətanın gün ərzində törədilməsinə görə inzibati məsuliyyətə cəlb oluna bilməz”, - deyə K.Cəfərov söyləyib.

K.Cəfərovun dediyinə görə, burada nəzərdə tutulan müddəa uzanan inzibati xəta anlayışı ilə bağlıdır.

“Misal üçün avtomobil dayanma və durma qaydasını pozub, 20 manat məbləğində cərimə edilib. 24 saat ərzində həmin avtomobilə eyni xətaya görə cərimə yazıla bilməz. Ancaq sürücü avtomobilə əyləşib, həmin gün həmin yerdə təkrar və ya başqa bir yerdə dayanma və durma qaydalarını pozarsa, bu, onu məsuliyyətdən azad etmir.

Digər vacib məqam isə kiçik yol-nəqliyyat hadisələri ilə bağlı icraatın sadələşdirilməsi ilə bağlıdır. Belə ki, yalnız kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik təklif edilir. Əgər tərəflər arasında qarşılıqlı razılıq olarsa və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir”.

İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə, o cümlədən hüquq mühafizə orqanları və sürücülər arasında fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir.

Deputat qeyd edib ki, layihəyə əsasən sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:

“Aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə,  avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda”.

Sonuncu məsələ isə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlıdır:

“Bu məsələ ilə bağlı müxtəlif qurumlar fərqli qərarlar qəbul edirdi. Hətta bəzi hallarda hansı şüşəyə hansı dərəcədə plyonkanın çəkilməsi də fərqli şərhlərə səbəb olurdu, çünki bu cür qərarların hüquqi əsası yox idi. İndi isə təklif edilən dəyişiklikdə isə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə, jalüz və plyonkaların çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR