Diaspor Komitəsi xaricdəki azərbaycanlılara müraciət edib: Erməni təxribatına uymayın
DİASPORDiasporla İş üzrə Dövlət Komitəsi bəyanat yayıb.
DAİM.AZ xəbər verir ki, bəyanatda deyilir:
"Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlayıb. Sevindirici haldır ki, soydaşlarımız güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edir.
Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından soydaşlarımızın beynəlxalq aləmdə, kütləvi, sivil, icazəli aksiyalara başlaması, cəbhədə olduğu kimi, dünyada da erməniləri ciddi təşvişə salıb. Ermənistanın uzun illərdir dünya dövlətlərini aldatması soydaşlarımızın birliyi sayəsində ifşa edilir, əsl həqiqətlər real faktlar əsasında dünyaya bəyan olunur.
Soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinin, təxribat hallarının dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə onlarla müraciət ünvanlayıb, ümumilikdə 25 ölkədə yaşayan azərbaycanlılar 84 bəyanatla çıxış ediblər.
Məhz soydaşlarımızın fəallığı nəticəsində 24 ölkədə 18 dildə 94 məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşılıb. Ümumilikdə 26 ölkədə 20 000-dən çox soydaşımızın iştirak etdiyi 58 aksiya keçirilib.
Dünya dövlətlərində səsləndirilən “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun” şüarlarından, yalanlarının ifşa olunmasından hiddətlənən ermənilər öz məkrli niyyətlərini beynəlxalq aləmdə də davam etdirməyə cəhd göstərirlər.
Ermənilər Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin qarşısında icazəsiz aksiyalar təşkil edir, azərbaycanlıların təşkil etdiyi icazəli aksiyalarda təxribatlar törətməyə çalışırlar. Təəssüf ki, bəzən erməni barbarlığı soydaşlarımızın xəsarət almasına, şəxsi əmlaklarına zərər dəyməsinə, diplomatik nümayəndəliklərə maddi ziyan vurulmasına gətirib çıxarır, bunun da adekvat cavabı verilməkdədir.
Bildiririk ki, Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən soydaşlarımızla mütəmadi əlaqə saxlanılır, onların pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılmas üçün bütün mümkün addımlar atılır.
Soydaşlarımızı ayıq-sayıq olmağa çağırırıq və onlara haqq işində bütün dəstəyi göstərməyə hazır olduğumuzu bildiriririk.
Diasporla İş üzrə Dövlət Komitəsi erməni yalanlarının ifşası, Ermənistanın işğalçı siyasətinin, törədilən təxribatların dünya birliynə, beynəlxalq ictimaiyyətə çatdırılması yolunda göstərdiyi mütəşəkkilliyə görə xaricdə yaşayan soydaşlarımıza dərin təşəkkürünü bildirir.
Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, erməni təxribatlarına son qoyulması üçün yaşadıqları ölkələrin qanunları çərçivəsində icazəli aksiyaları davam etdirmək niyyətindədir və daha 14 ölkədə də aksiyaların keçirilməsinə icazə alınması üçün müraciət olunub.
Bununla yanaşı, soydaşlarımız hüquqi müstəvidə mübarizəni davam etdirməli, beynəlxalq təşkilatlara ünvanlanan bəyanatların, müraciətlərin sayı daha da artırılmalıdır. Biz öz sözümüzü dünya mediasında deməli, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi təxribatları, işğal faktlarını dolğun, dəqiq məlumatlarla çatdırmalıyıq.
Biz dünya azərbaycanlılarının hər bir istiqamət üzrə haqq səslərini qaldırmalarını başa düşür, ermənilərin təxribatçı hərəkətlərini, vəhşiliklərini ifşa edərək yaşadıqları ölkələrdə hüquqi müstəviyə daşımalarını məqsədəuyğun sayır və soydaşlarımızı erməni təxribatlarına uymamağa çağırırıq".
Maraqlana bilərsizr