Əfqanıstanın Azərbaycana dəstəyi qardaşlıq rəmzi və beynəlxalq hüquqa hörmət əlamətidir
GÜNDƏMAzərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən söyləyib.
1990-cı illərin əvvəlində Azərbaycanın da oxşar vəziyyətlə üzləşdiyini xatırladan dövlətimizin başçısı qeyd edib ki, Əfqanıstan hökumətinin səyləri artıq bəhrəsini verir. Azərbaycan dost ölkənin modernləşdirmə proqramında iştirak etməkdən hər zaman məmnunuq duyur.
“Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş var. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Biz məmnuniyyətlə öz nəqliyyat imkanlarımızı təqdim edirik. Bildiyiniz kimi, nəqliyyat sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir və biz burada yaxşı irəliləyiş görürük. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır”, -deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürünü bildirərək deyib: “Biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik”.
Maraqlana bilərsizr