Ermənistan törətdiyi təxribatlara görə məsuliyyətə necə cəlb olunacaq? - ŞƏRH
GÜNDƏMVətən müharibəsinin gedişində Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisində, döyüş bölgəsindən uzaqda dinc əhali və mülki infrastruktura ziyan vurub. Buna görə Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunacaq.
Bunu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, İİTKM tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu xüsusda onun beynəlxalq hüquqi məsuliyyəti sahəsində sistemli araşdırmalar həyata keçirilir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünü beynəlxalq hüquq prizmasından dəyərləndirən Vüsal Qasımlı bildirib ki, humanitar hüququn əsasını 1949-cu ildə imzalanan Cenevrə Konvensiyalarına dayanan “Cenevrə hüququ”, Haaqa Konvensiyalarına dayanan “Haaqa hüququ” və BMT-nin Baş Assambleyasının bəzi qətnamələri təşkil edir. Cenevrə Konvensiyalarında əməl etməyə nəzarət isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən aparılır. Eləcə də, 4-cü Cenevrə Konvensiyasının tənzimlədiyi mülki şəxslərin qorunması “hüquqi adət normaları” hər kəsə aid olan və ya əksər dövlətlər tərəfindən hüquqiləşdirilən adətlər olaraq BMT tərəfindən təsdiqlənib. Həmçinin, hüquqi adət normaları müharibə zamanı mülki şəxslərin qorunması BMT-nin Ədalət Məhkəməsinin Statusunu ratifikasiya etməyən ölkələrə də şamil olunur. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi mümkündür.
O əlavə edib ki, bəzi hüquqi adət normaları daha önəmli hesab olunaraq, imperativ hüquqi normalar olaraq qəbul olunur və mütləq şəkildə hər kəsə aid edilir. Bu normalarla beynəlxalq cinayət, insanlığa qarşı cinayət, aqressiv siyasət (işğalçılıq) və aqressiv müharibə, soyqırım, quldarlıq kimi məsələlər tənzimlənir. Azərbaycana qarşı məhz beynəlxalq hüquqda qeyri-şərtsiz keçərli olan imperativ hüquqi normaların pozulması faktları baş verib. Belə ki, ilk başda elə ermənilərin Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi beynəlxalq hüquqda aqressiv siyasət olaraq qiymətləndirilir və bu prosesdə kütləvi şəkildə insanların ölümünə yol verilməsi aqressiv müharibə və hətta digər imperativ norma ilə tənzimlənən soyqırım faktlarını ortaya qoyur.
Aqressiv müharibə Haaqa Konvensiyalarının pozulması anlamına gəlir. Belə ki, bu Konvensiyalarda boğucu qazlar və zərərli maddələr ifraz edən, eyni zamanda, lazımsız əzablara səbəb olan silah və maddələrin istifadəsinə, əmlakın hərbi ehtiyac olmadan məhv edilməsinə, qarət və müsadirəsinə qadağalar nəzərdə tutulur. Bildiyiniz kimi, bu qadağaların bütün punktları üzrə ermənilər Azərbaycana qarşı ciddi pozuntulara yol veriblər.
Eləcə də, qadağan olunmuş silahların digər nümunəsi olan kasetli silahlardır ki, bu silahların əhalinin sıx yaşadığı ərazilərdə istifadəsi “Beynəlxalq Kasetli silahlar üzrə Konvensiya”da qadağan edilib. Bu silahlar da ermənilər tərəfindən Gəncə, Bərdə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı istifadə edilərək kütləvi itkilərə səbəb olub.
Mərkəzin icraçı direktoru Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı Ermənistanın vandal hərəkətlərindan danışarkən deyib ki, Haaqa hüququna əsasən mədəniyyət abidələrini və tibbi müəssisələri qorumaq üçün mümkün olan bütün tədbirlərin görülməsi tələb olunur. Bu tələblər digər beynəlxalq hüquqi sənəd olan “Döyüş əməliyyatları zamanı tarixi və dini abidələrin qorunmasına dair Konvensiya”da da əks olunub. Bu istiqamətdə də ermənilərin ciddi pozuntuları xüsusilə qeyd olunmalıdır.
Vüsal Qasımlı qeyd edib ki, beynəlxalq hüquqi məsuliyyət mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi olmaqla müxtəlif formalara malikdir. Belə ki, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti qeyd olunan müvafiq formalarda həyata keçirilə bilər.
Ermənistanın Azərbaycana qarşı təzminat ödənişinin tələb edilmə formalarından da danışan Vüsal Qasımlının sözlərinə görə, Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası altı tələb kateqoriyası üzrə təzminat ödənilməsini tənzimləyir.
O əlavə edib ki, Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olaraq iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.
Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəməyə bu Konvensiyanı ratifikasiya etmiş dövlətlərin vətəndaşları müraciət edə bilər. Lakin, Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan münasibətlərə tətbiq edilir. Yəni, zərər çəkmiş hər bir Azərbaycan vətəndaşı Ermənistan dövlətini bu şəkildə şikayət edərək məsuliyyətə cəlb edə bilər. Artıq bu istiqamətdə fəaliyyətlərə başlanılıb.
Mərkəzin icraçı direktoru Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsi sahəsində hansı işlərin görülə biləcəyindən danışarkən deyib ki, konfliktlərin vurduğu zərərlərin ölçülməsi istiqamətində iki üsuldan istifadə oluna bilər. Birincisi, birbaşa zərərlərin qiymətləndirilməsi, burada birbaşa olaraq dağıdılmış infrastruktura dəymiş zərərlərin real dəyəri ilə qiymətləndirilməsi aparılır. İkincisi, dolayı zərər, burada isə infrastrukturun məhvi nəticəsində itirilmiş imkanlar və əlavə faydaların qiymətləndirilməsi aparıla bilər.
O qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Maraqlana bilərsizr