Gəncədə xüsusi karantin rejimi tələblərinin icrasına nəzarət gücləndirilir
GÜNDƏMGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Koronavirusa Qarşı Mübarizə Qərargahının üzvlərinin iştirakı ilə videokonfrans keçirib.
DAİM.AZ-ın məlumatına görə, videokonfransda çıxış edən şəhər rəhbəri qeyd edib ki, modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib ki, ölkəmizin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır, xüsusilə Gəncə şəhərində. Buna çox ciddi yanaşmaq lazımdır. Son günlərdə yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin payına düşür. Bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək.
Niyazi Bayramov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə xüsusi karantin rejimi tələblərinin icrasına nəzarət daha da gücləndirilməlidir. Şəhər rəhbəri koronavirusa (COVİD-19 ) qarşı mübarizə tədbirləri çərçivəsində Gəncədə fəaliyyət göstərən kiçik həcmli ictimai nəqliyyat vasitələrinin böyük tutumlu avtobuslarla əvəzlənməsini tapşırıb. Həyata keçirilən dezinfeksiya işlərinin, xəstəxanalarda aparılan monitorinqlərin, habelə əhalinin maarifləndirilməsi üçün çalışan mobil qrupların fəaliyyətinin genişləndirilməsi istiqamətində müvafiq göstərişlər verilib. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhərin giriş-çıxışları və daxilində qurulan yoxlama-buraxılma postlarının sayının artırılması tövsiyyə olunub.
Videokonfransda iştirak edən Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov qeyd edib ki, xüsusi karantin rejiminin qorunub saxlanılması istiqamətində idarə və tabeli orqanlar tərəfindən müvafiq addımlar atılır. Belə ki, xüsusi karantin rejimi tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbiçi çalışır. Bank, ATM, iri market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx olduğu ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti nəzarət altında saxlayırlar. Gəncənin giriş-çıxışlarında quraşdırılan yoxlama-buraxılma postlarına da nəzarət gücləndirilib. Xüsusi karantin rejiminin tələblərini pozan sakinlərə qarşı daha ciddi mübarizə aparılacaq.
Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov bildirib ki, daxili yoluxma hallarının aşkarlanması, virusa yoluxmuş şəxslərin dərhal izolyasiya olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən yaradılan monitorinq qrupları da öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri də aparılır. Nazim Əhmədov bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində mövcud vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur.
Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev də videokonfransda iştirak ediblər. Şəhər rəhbərinə bildirilib ki, hər iki rayonun ərazisində koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Mütəmadi olaraq çoxmənzilli binalarda, küçə və prospektlərdə dezinfeksiya işləri həyata keçirilir. RİH əməkdaşları tərəfindən sakinlər arasında izahetmə-xəbərdaqlıq işləri görülür. Kəpəz və Nizami rayonlarının ərazilərində müvafiq olaraq 7 və 10 mindən çox sakinlə maarifləndirici söhbətlər aparılıb.
Araz Rəfibəyli qeyd edib ki, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi gücləndirilmiş iş rejimində çalışır. Şəhər rəhbərinin müvafiq tapşırığına uyğun olaraq ictimai-nəqliyyat vasitələri hər günün sonunda dezinfeksiya olunurlar. Bununla yanaşı avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlullar da yerləşdirilir. Sürücülərin tibbi maskalardan istifadə etməsinə də xüsusi nəzarət olunur.
Videokonfransın sonunda Niyazi Bayramov koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində qarşıda duran vəzifələrin icrasına dair müvafiq tapşırıqlar verib.
Maraqlana bilərsizr