Güney Azərbaycanda ideoloji böhran dərinləşəcək
Güney Azərbaycanİranda keçirilən prezident seçkilərinin ikinci turunun nəticəsi elan edildi. Güney azərbaycanlı namizəd Məsud Pezeşkian 16 384 403 səs ilə prezident seçkilərinin qalibi oldu.
Nəticələrin elan edildikdən sonra İranın paytaxtı Tehran, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya və digər şəhərlərində seçicilər küçələrə axışaraq, Məsud Pezeşkianın prezident seçkilərində qələbəsini qeyd edirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində M. Pezeşkianın qələbəsi sevinclə qarşılanır, hətta bu, “Türk əsri” kimi şərh olunur.
Sırf Güney azərbaycanlı olması səbəbindən Məsud Pezeşkianın qələbəsinə sevinmək onun xüsusi nə isə edəcəyini gözləmək real bir yanaşma sayılmır. Bu haqda indiyədək bir çox fikirlər var. Məsələ ondadır ki, Səid Cəlili kimi Məsud Pezeşkian da İran islam inqilabına və mövcud rejimə sadiqdir. Digər bir danılmaz fakt isə İrandakı seçki sistemi ilə bağlıdır.
Pezeşkian və rəqiblərinin hamısının seçkidə iştirak etməsinə İran Ali dini lideri icazə verib. Yəni İranda prezident seçilmək bir yana, namizəd olmaq da o qədər asan bir şey deyil. Bundan başqa, SEPAH faktoru da var və əslində həlledici yekun qərarı məhz o təşkilat verir.
İranda geniş səlahiyyəti Ali dini lider institutu və atılan bütün addımlara nəzarət edən, qərar verən SEPAH olduğu müddətdə etnik mənsubiyyətindən asılı olmayaraq prezident olan şəxsin fərqli siyasət yeritməsi imkansızdır.
Pezeşkianın prezident seçilməsini İranda “Türk əsri”nin başlanması kimi təqdim etmək romantik yanaşmadan başqa bir şey deyil. İrandakı başlıca problem heç də türklərin siyasi proseslərdən kənarda qalması, ya da yüksək vəzifələrdə təmsil edilməməsi deyil. Müqayisə üçün qeyd edim ki, İranda kifayət qədər Güney azərbaycanlı dini lider, deputat, siyasi şəxs var. Bilməyənlərin diqqətinə çatdırım ki, SEPAH daxilində yüksək rütbəli azərbaycanlılar da çoxdur. Lakin İrandakı teokratik rejim, onun elementləri və qərarvermə mexanizmi fars elitasının əlindədir. Bu sistem elə qurulub ki, etnik mənsubiyyət fərqi olmadan onun bir parçası olmaq, hətta yüksəlmək də olar. Lakin sistem etnik əsasda qərar verməyi ümmətçilik adı altında pərdələnən fars milliyyətçiliyini üstələməyə imkan vermir.
Ümumiyyətlə, İranda Güney Azərbaycanın timsalında türk elitasının hakimiyyətə gəlməsini imkansız edən ən önəmli faktor milli kimliyin, özünüdərkin praqmatik əsaslarda deyil, romantizm əsasında olmasıdır. Yəni İrandakı türk elitası tam olaraq nə istədiyini bilmir. Elitanın ideoloqlarının bəzilərinin düşüncəsi belədir:
1. Güney Azərbaycan mədəni muxtariyyət əldə etməlidir;
2. Güney Azərbaycan yüksək muxtariyyət əldə etməlidir;
3. İran konfederasiya olmalı, iki dövlət modelinə keçməlidir;
4. Güney Azərbaycan müstəqil olmalıdır;
5. Güney Azərbaycan İrandan ayrılıb, şimala birləşməli, vahid Azərbaycan olmalıdır;
6. Türklər İranda hakimiyyəti ələ keçirməli, hakim elita olmalıdır.
Bu görüş fərqliliyi əslində ötən əsrin ikinci yarısında İran İslam İnqilabının da seyrini dəyişdi və prosesi farsların lehinə yekunlaşdırdı.
Güney Azərbaycan İslam İnqilabının qələbəsindən həlledici rol oynadıqdan sonra bir ildən də az müddətdə fikir ayrılıqları səbəbindən inqilaba dəstək verən ideoloqlarını, düşünürlərini itirməyə başladı. Bunlardan ən önəmli və dəyərlisi şübhəsiz əslən Güney azərbaycanlı olan Seyid Məhəmməd Kazım Şəriətmədari idi. O, din xadimi olsa da, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi. O, həm də İranda Cənubi Azərbaycan milli hərəkatının lideri olub və İranın tərkibində Cənubi Azərbaycan muxtariyyəti və daha sonra isə müstəqillik ideyasını dəstəkləyib. Lakin onun dövründə də türk elitasının heç də hamısı onu dəstəkləmədiyi üçün rejim qarşısında tab gətirə bilmədi.
Hesab edirəm, Məsud Pezeşkianın prezident olması Güney Azərbaycandakı ideoloji böhranı daha da dərinləşdirəcək. Rejimə sadiq bir azərbaycanlının prezident olması sadəcə, həmin rejimə sadiq təbəələrin yetişməsi, assimilyasiya prosesinin davam etməsi deməkdir.
Turan RZAYEV
Politoloq
Maraqlana bilərsizr