© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinlənilib

Almaniyanın Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə keçirilib.

Hamburq Universitetinin Musiqişünaslıq fakültəsində təhsilini davam etdirən Bakı Musiqi Akademiyasının məzunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Cəmilə Abdullayevanın (Manafovanın) mühazirəsi izləyicilərin böyük rəğbətini qazanıb. O, Azərbaycanın milli sərvəti, xalq mədəniyyətinin mühüm daşıyıcılarından biri, özünəməxsus görüntüsü və səsi ilə seçilən qədim nəfəs alətləri olan balaban, zurna, tütəyin tarixi etimologiyası, hazırlanma üsulları, ifa texnikası və bir sıra başqa özəlliklər barədə professor-müəllim heyətinə, eləcə də yerli və xarici ölkələrdən gələn tələbələrə ətraflı məlumat verib.

Mühazirədə alətlərin solo və ya qrup şəklində sosial, mədəni və mənəvi tələbatlara müvafiq yaradılması, dizayn, səslənmə və texniki imkanlarına əsasən dinləyicilərin musiqi təfəkkürünün, estetik zövqlərinin formalaşdırılmasındakı rolu vurğulanıb. Onların Azərbaycan xalqı tərəfindən böyük məhəbbət qazanması qeyd edilərək, həmin alətlərin mahir ifaçıları haqqında geniş məlumatlar video və audioyazılar əsasında nümayiş etdirilib.

İştirakçıların diqqətinə çatdırılıb ki, 1977-ci ildə başqa sivilizasiyaların varlığını araşdırmaq üçün kosmosa göndərilən iki Amerika kosmik zondunda bəstəkarlar İ.S.Bax, V.A.Motsart, L.V.Bethovenin, cazmen Lui Armstronqun, rokçu Çak Berrinin və digərlərinin əsərləri ilə yanaşı, Azərbaycan nəfəs alətinin ifasında xalq musiqisi də olub.

Bunlardan əlavə, mühazirədə Azərbaycanın milli nəfəs alətləri - balaban, zurna və tütəyin bəstəkarlarımız tərəfindən bəstələnmiş opera, operetta, sonata, pyes, konsert və digər musiqi janrlarında istifadəsindən, orkestrlərin səslənmə koloritini milli çalarlarla zənginləşdirməsindən də söhbət açılıb.

Maraqlı mühazirənin sonunda iştirakçılara Azərbaycanın milli şirniyyatları təqdim olunub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR