İlham Əliyev Ciorcia Meloni ilə görüşüb
GÜNDƏMSentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.
Reyting.az xəbər verir ki, Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Romanın “Chigi” Sarayında İlham Əliyevi İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni qarşılayıb.
Azərbaycan prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliyanın nümayəndə heyətinin üzvləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Ciorcia Meloniyə təqdim olunub.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdiriblər.
Əvvəlcə prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Ciorcia Meloni dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğunu vurğulayaraq, prezident İlham Əliyevlə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığını qeyd edib, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Bu xüsusda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.
Enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun bu gün İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.
İtaliya Nazirlər Şurasının sədri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib və bu xüsusda, ölkəmizin rolunu qeyd edib. O, COP29-a dəvətə görə İlham Əliyevə təşəkkürünü bildirib və bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb. İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu deyib. Bu xüsusda, İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanın COP nümayəndə heyəti ilə yaxından əməkdaşlığı və Azərbaycanın COP prezidentinin G20 çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirakı qeyd olunub.
Söhbət zamanı İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edilib, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsinə toxunulub. Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olunub.
İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə komissiyanın roluna toxunulub, gələn il komissiyanın iclasının keçirilməsi razılaşdırılıb.
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədrini Azərbaycana rəsmi səfərə dəvət edib. Ciorcia Meloni dəvəti məmnunluqla qəbul edib.
***
Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
Maraqlana bilərsizr