© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İmişlidə göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

İmişli rayonunda yerləşən antropogen göllərdə olan su ehtiyatı hesabına suvarma suyunda yaranmış çətinlik aradan qaldırıla bilər.

DAİM.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda bu istiqamətdə iş aparılır.

Bu gün Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mütəxəssislər göllərə baxış keçiriblər. Ölkədə yaranmış su probleminin aradan qaldırılması üçün Tədbirlər Planının həyata keçirildiyini bildirən Ş.Mustafayev qeyd edib ki, bu planın 1.7-ci bəndinə uyğun olaraq, ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər yerinə yetirilir: "Tədbirlər Planına uyğun olaraq, İmişli rayonunun Xubyarlı, Məzrəli və Çaxırlı kəndləri ərazisində yerləşən göllərdə ümumilikdə 70-100 milyon kubmetr su ehtiyatı olduğu müəyyən edilib. Həmin göllərin ərazisində karxanalar fəaliyyət göstərdiyi üçün böyük su hövzələri yaranıb. İlkin mərhələdə Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə olunması nəzərdə tutulur. Bir-biri ilə əlaqəli olan beş gölün ümumi ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 72,5 milyon kubmetr su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir".

Baş Nazirin müavini deyib ki, artıq həmin göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb: "Hazırda bu istiqamətdə işlər davam edir. Göl üzərində quraşdırılacaq üzən nasoslar vasitəsilə su kanala vurulacaq. İlkin mərhələdə nasoslar hesabına saniyədə beş kubmetr olmaqla, kanalın qidalandırılması nəzərdə tutulub. Eyni zamanda, göllərdəki su ehtiyatının laborator müayinələri də götürülüb. Ehtiyat su mənbələri ilkin mərhələdə suvarma üçün istifadə olunacaq. Müayinələrin nəticələri məlum olduqdan sonra, həmçinin bu mənbələrdən içməli su kimi də istifadə edilə bilər.

“Oxşar göllər rayonun Məzrəli və Çaxırlı kəndlərində də mövcuddur. Çaxırlı kəndində yerləşən və ümumi sahəsi 52 hektar olan iki göldə 24 milyon kubmetr su ehtiyatı var. Həmçinin Məzrəli kəndində də belə iki göl var. Onların sahəsi 16 hektar, su ehtiyatı isə 7 milyon kubmetrdən çoxdur. Bu göllərin suyu hesabına rayonun əsas kanallarından olan Qızılarx və Cənubi Muğan kanalları vasitəsilə suvarma işləri yaxşılaşdırıla bilər”, - deyə Ş.Mustafayev qeyd edib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR