© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İran və Pakistan arasında gərginlik… - Qarşıdurma müharibəyə çevrilə bilərmi?

Separatçı terror təşkilatı olan “Bəlucistan Azadlıq Ordusu” avqustun 26-da Pakistanın Bəlucistan əyalətində silsilə hücumlar həyata keçirərək, bu ölkənin 70-dən çox vətəndaşı və hərbçisini öldürüb. Hücumlar son bir neçə həftədə əyalətdə keçirilən etiraz aksiyalarından sonra baş verib. Hücumlar özlüyündə təkcə koordinasiya baxımından deyil, həm də Kvettaya aparan dəmir yolu xətləri kimi mühüm infrastrukturu hədəfə almaq baxımından “Bəlucistan Azadlıq Ordusu”nun yeni imkanlarını səciyyələndirir. Bu, həm də terror təşkilatının Pakistanın cənub-qərbində sərt aksiyalara sadiq qalmasından xəbər verir.

Reyting.az
 bildirir ki, bu barədə “Diplomat” nəşri yazıb.

Yaponiya KİV-nin təhlilində qeyd olunur:

Hücumlar Pakistanın daxili təhlükəsizliyinə çağırış kimi qiymətləndirilə bilər. Bu, Pakistanda qeyri-sabitliyin mənşəyi kimi qəbul edilməlidir. Son hücumlar İran-Pakistan sərhədinin hər iki tərəfində həyata keçirilən genişmiqyaslı əməliyyatların bir hissəsidir.

Ötən il İran daxilində terrorçular bir neçə hücum həyata keçirib. Bu hücumlara cavab olaraq İran ordusu iyul ayında Pakistan torpaqlarında üsyançıları hədəfə alıb. Pakistan buna cavab olaraq “Bəlucistan Azadlıq Təşkilatı”nın İran daxilindəki qərargahına hücum edib. Bu hücumlardan sonra hər iki ölkə diplomatik əlaqələrini bərpa etsə və terrorizmlə mübarizə sahəsində fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəlsə də, sözügedən hadisələr iki ölkənin sərhədləri daxilində olan həssaslığı göstərib. Bu əks-hücumlar həm də tərəflərin istənilən təhlükəni aradan qaldırmaq üçün birtərəfli qaydada güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirib.

Məhz bu çərçivədə 26 avqust hücumlarının nəticələri daha ağır ola bilər. Pakistan tərəfində İranın öz sərhədləri daxilində “Bəlucistan Azadlıq Ordusu” terrorçularını təqib etməmə şübhəsi yarada bilər. Çünki bazar ertəsi hücumlardan bir neçə həftə əvvəl üsyançıların sərhədin hər iki tərəfində fəaliyyətini göstərən bir neçə insident baş verib. Məsələn, iyulun 19-da “Bəlucistan Azadlıq Cəbhəsi”nin yüksək səviyyəli liderlərindən biri olan Vahid Kambar Pakistan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Budan sonra həbsin niyə İranda baş tutmaması barədə geniş fikirlər səsləndirilib. İddia həm də bu idi ki, bəluc terrorçuları asanlıqla sərhədi keçir, İran daxilində fəaliyyət göstərə bilirlər.

Bundan əlavə, həmin şəxsin Pakistan qüvvələri tərəfindən (İran qüvvələrinin əvəzinə) həbsi İslamabadın İranın terrorla mübarizədə əməkdaşlığına etibar etmədiyini göstərir.

Terror aktlarının mənşəyinin xarici olduğunu göstərən digər hadisə avqustun 16-da Kvettada baş verib. 5 nəfər güllələnərək elektrik dirəklərindən asılıb. Əfqanıstan vətəndaşları olan bu şəxslər cəmi 20 gün əvvəl “Ceyşül-Ədl” terror qruplaşmasının (İranda ən tanınmış bəluc qiyamçı qruplaşması – red.) girov götürülməsi ilə bağlı videoda peyda olub. Yəni “Ceyşül-Ədl” mesaj verməyə çalışır ki, biz Bəlucistanın hər yerində fəaliyyət göstərə bilirik və Pakistan təhlükəsizlik qüvvələri bizi dayandırmaq gücündə deyil.

Tərəflərdən hər hansı birinin əks tərəfi öz ərazisində bəluc separatçılarına sərbəst fəaliyyət imkanı verməsini iddia etməsi çətin olacaq.

Sərhədin hər iki tərəfindəki çirkin hərəkətlərin tarixi göstərir ki, qarşılıqlı öhdəliklər heç də davamlı uğur əldə etmək demək deyil. Hər iki ölkə çoxdandır ki, sərhədin hər iki tərəfində terrorçu qrupların mövcudluğundan xəbərdardır, lakin əməkdaşlıq etməkdən daha çox bir-birlərini ittiham edirlər.

Son hücumlardan sonra Pakistanın müdafiə rəsmiləri Qvadar limanı və Çin-Pakistan İqtisadi Dəhlizinə diqqəti artırmaqla bərabər, Bəlucistan əyalətinin infrastrukturunu sarsıtmağa çalışan “düşmən kəşfiyyat orqanları”na barmaq tuşlayıblar. Qiyamçı qrupların Çin-Pakistan iqtisadi dəhlizinin infrastrukturunu hədəf alması ilə bağlı şübhəni avqustun 27-də Pakistanın baş naziri Şahbaz Şərif öz çıxışında təkrarlayıb.

Bu cür bəyanatlar İranı ittiham etmək mənasını verməsə də, Pakistanın məhz belə hesab etdiyini göstərir:

Birincisi, beynəlxalq aktorlar bu hücuma görə qismən məsuliyyət daşıyırlar.

İkincisi, həmin aktorlar Çin-Pakistan İqtisadi Dəhlizinin uğuruna qarşıdırlar.

Bununla əlaqədar olaraq, istər terrorizmlə mübarizə tədbirlərində çatışmazlıqlar, istərsə də “Bəlucistan Azadlıq Ordusu” qrupuna birbaşa dəstək baxımından İranın Pakistanın təhlükəsizliyinə baxışı aydın deyil. İran bir neçə onillikdir ki, Qvadar limanına rəqib olan Çabaharı inkişaf etdirir, Pakistanın rəqibi və düşməni olan Hindistanla bununla bağlı bir sıra müqavilələr imzalayıb. Lakin bu o demək deyil ki, 26 avqust hücumunda İranın həqiqətən də əli olub.

Pakistan günahkar kimi əcnəbi aktor axtarırsa, İranı ittiham etmək üçün kifayət qədər motivasiya səbəbi tapılmalıdır. Sərhədin hər iki tərəfində üsyançı hərəkətlərə qarşı birgə mübarizədə etimadsızlıq, hər iki tərəfin bir-birinə qarşı güc tətbiq etmək istəyi və s. 26 avqust hücumu ilə həyəcan təbili çala bilər.

Y. QACAR

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR