İstanbulda Azərbaycana dəstək mitinqi təşkil edilib
GÜNDƏMİyulun 19-da İstanbulun mərkəzi bölgələrindən olan "Beyazıt meydanı"nda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.
DAİM.AZ xəbər verir ki, Türkiyədən qardaş Azərbaycana dəstək məqsədilə keçirilən tədbir "Turan Ocaqları", "Bütöv Azərbaycan Ocaqları" İctimai birliklərinin, eləcə də Türkiyədə və İstanbulda fəaliyyət göstərən bir çox Azərbaycan-Türkiyə dostluq cəmiyyətlərinin və İstanbul Universiteti nəzdindəki "Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi"nin təşəbbüsü ilə baş tutub.
Aksiyada hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam edən işğalçılıq siyasətindən bəhs edib, iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlardan danışıblar.
Qardaş Türkiyənin Azərbaycana dəstəyinin qürurverici olduğunu bildirən çıxışçılar Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hər şəraitdə ölkələrimizin, eləcə də xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə etdiklərini vurğulayıblar.
Mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dərhal dayandırılması, işğalçı tərəfin hərbi qüvvələrinin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisini tərk etməsi tələb olunub.
Bildirilib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır.
Tədbir iştirak edən Türkiyə vətəndaşları lazım olduğu təqdirdə azərbaycanlı qardaşları ilə yanaşı düşmənə qarşı savaşa hazır olduqlarını bildiriblər.
Maraqlana bilərsizr