Liverpul İngiltərə çempionu oldu
İDMAN"Liverpul" klubu 30 ildən sonra futbol üzrə İngiltərə Premyer Liqasının qızıl medallarını təmin edib.
DAİM.AZ-ın məlumatına görə, "qırmızılar" tarixdə 19-cu ölkə çempionluğuna sona 7 tur qalmış nail olub. Premyer Liqanın XXXI turunda ən yaxın izləyicisi "Mançester Siti"nin "Çelsi" ilə səfər matçında xal itirməsi 86 xala malik "Liverpul"u əlçatmaz edib. Londondakı "Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərin qələbəsi ilə yekunlaşıb.
Hesabı 37-ci dəqiqədə "Çelsi"nin futbolçusu Kristian Pulişiç açıb. 57-ci dəqiqədə qonaqlardan Kevin de Breyne bərabərlik qolunu vurub. Lakin 77-ci dəqiqədə Fernandinyo cərimə meydançası daxilində əllə oynayaraq, qırmızı vərəqə alıb və "Mançester Siti"ni azlıqda qoyub. Penaltini isə Villian dəqiq yerinə yetirərək, yekun nəticəni müəyyənləşdirib - 2:1.
Beləliklə, 63 xala malik "şəhərlilər"in qalan turlarda "Liverpul"la 23 xallıq fərqi aradan qaldırması riyazi cəhətdən də mümkünsüzləşib.
Qeyd edək ki, "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğu qazanıb. Yurgen Kloppun baş məşqçi olduğu komanda ötən mövsüm "Mançester Siti"dən cəmi 1 xal geri qalaraq, gümüş medalla kifayətlənmiş, bununla belə, Çempionlar Liqasının qalibi olmağı bacarmışdı.
Maraqlana bilərsizr