© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Marneulidə Zəfər Günü qeyd olunub

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bayram mərasimində yerli sakinlər, ziyalılar, məktəblilər və gənclər iştirak ediblər.

Əvvəlcə Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirilib.

GAİM-in icraçı direktoru Orxan Pirverdiyev çıxışında Vətən müharibəsinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın düşmən əsarətində saxlanılan torpaqları azadlığa qovuşdurdu.

O, yaxın gələcəkdə Gürcüstanın da öz ərazi bütövlüyünü bərpa edəcəyinə ümidvarlıq ifadə edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov da çıxış edərək deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident İlham Əliyev ətrafında sıx birləşərək öz tarixi məqsədinə və ədalət zirvəsinə çata bildi: “Müharibə dövründə Gürcüstanda yaşayan soydaşlarımızın, bacı-qardaşlarımızın mənəvi dəstəyini hiss etdik. Onlar Azərbaycana könül bağlılıqlarını açıq şəkildə nümayiş etdirdilər”.

Diplomatın sözlərinə görə, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın yeni simasını formalaşdırıb: “Azərbaycan üçün Gürcüstanla birlikdə ümumi amal uğrunda və ümumi istiqamətdə inkişaf prioritet olaraq qalmaqdadır. Ümid edirik və əminik ki, Gürcüstan da öz ərazi bütövlüyünü bərpa edəcək, Abxaziya və Samaçablo bölgələri də vahid Gürcüstan daxilində çiçəklənmə dövrünə qədəm qoyacaq”.

Daha sonra söz yerli ziyalılara verilib. Onlar bildiriblər ki, 8 Noyabr – Zəfər Günü Gürcüstanın azərbaycanlı icmasının da ən əziz bayramlarından birinə çevrilib. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə qonşu ölkədəki soydaşlarımıza da milli qürur və iftixar hisslərini bəxş edib.

Sonda tədbir iştirakçılarına Azərbaycan və Qarabağa həsr olunan mahnılar, milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR