© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Məxfi məlumatlar oğurlanıb - Casus proqramı 10 diplomatın gizli danışıqlarını dinləyib

İsrail mərkəzli “NSO Group” tərəfindən hazırlanan “Pegasus” casus proqramından xaricdə çalışan ABŞ diplomatlarının telefon kodlarını sındırmaq üçün istifadə edildiyi məlum olub.

Reyting.az
 xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzet mənbələrinə istinadla bildirir ki, texnologiya nəhəngi “Apple” 11 ABŞ diplomatına telefon kodlarının son aylarda “Pegasus” tərəfindən sındırıldığı barədə xəbərdarlıq edib. “Apple” sözügedən diplomatların Uqanda və digər Şərqi Afrika ölkələrində işlədiyini və ötən aydan etibarən onlara xəbərdarlıq etməyə başladıqlarını bildirib.

ABŞ Milli Təhlükəsizlik Müşavirliyinin açıqlamasında “NSO” da daxil olmaqla bəzi şirkətlərin ötən ay “qara siyahı”ya salındığı xatırladılıb.

“Biz “NSO Group” kimi bəzi kommersiya casus proqramlarının ABŞ üçün ciddi əks-kəşfiyyat və təhlükəsizlik təhdidi yaratdığından narahat idik. Bayden administrasiyasının belə alətlər hazırlayan bəzi şirkətləri “qara siyahı”ya salmasının səbəblərindən biri də budur”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl beynəlxalq medianın araşdırması nəticəsində “NSO Group”a aid “Pegasus” casus proqramının qlobal miqyasda geniş yayıldığı və zərərli məqsədlər üçün istifadə olunduğu iddia edilib.

Afrikadan Avropaya qədər onlarla ölkənin bu proqramdan istifadə etdiyi ortaya çıxıb. İddialara görə, dünya üzrə 50 mindən çox telefon nömrəsi bu casus proqram tərəfindən izlənilib.

“NSO Group” bütün ittihamları rədd edərək, ölkələrə və ya hüquq-mühafizə orqanlarına terrorizm və ağır cinayətlərlə mübarizədə kömək etmək üçün texnoloji xidmətlər göstərdiyini bildirib.

Xatırladaq ki, ABŞ administrasiyası noyabrın 3-də “NSO Group” da daxil olmaqla 4 şirkəti xarici ölkələrə casus proqramı satmaq səbəbilə “qara siyahı”ya salıb.

“Apple” isə noyabrın 24-də “Pegasus”a qarşı iddia qaldıraraq şirkətin “Apple” proqram, xidmət və alətlərindən istifadəsini qadağan etmək üçün hərəkətə keçdiyini, həmçinin istifadəçilərini hədəfə alan “NSO Group”a qarşı hüquqi mübarizəyə başladığını açıqlayıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR