© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 10 il ötür

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib.

Təsdiq edilməmiş versiyalara görə, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib.

Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olub.

Onun nəşi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilib.

Prezident İlham Əliyev 2010-cu ilin iyulun 22-də Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR