© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Mövlud Çavuşoğlu Ceyhun Bayramovu Türkiyəyə səfərə dəvət edib

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

XİN-dən verilən nəlumata görə, Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq bütün digər sahələrdə və müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan C.Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətinə istinad edən nazir gələcəkdə iki ölkə arasında birgə mühüm layihə və təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.

Səfir Erkan Özaral, öz növbəsində, işbirliyinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu, eyni zamanda bu xüsusda hər iki tərəfin iradəsinin olduğunu qeyd edib. Azərbaycanı öz vətəni olaraq gördüyünü bildirən səfir Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Görüş zamanı nazir Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.

Görüş zamanı səfir Erkan Özoral cari ilin 28 iyul tarixində video konfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu Nazir Ceyhun Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR