Novruz bayramı Avropa Şurasında qeyd olunub
DİASPORAzərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi və Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (Konqres) nümayəndə heyəti tərəfindən YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə martın 21-də Konqresin 44-cü sessiyası çərçivəsində Novruz bayramı münasibətilə mədəni tədbir keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Tədbirdə Avropa Şurasının rəsmiləri, Strasburqdakı diplomatik korpusun təmsilçiləri, Konqres üzvləri, eləcə də təşkilatın qonaqları iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov nəsildən-nəslə ötürülən Novruz bayramının Azərbaycan xalqının ən əziz bayramlardan biri olduğunu qeyd edib. O, Novruzun yazın gəlişini və təbiətin oyanışını, daha firavan gələcəyə yeni ümidi ifadə etdiyini, eləcə də həmrəylik, qarşılıqlı hörmət və anlaşma dəyərlərini təbliğ etdiyini vurğulayıb. Daimi nümayəndə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 21 Mart tarixini “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Prezidenti Leendert Verbeek tədbirdə çıxış edərək yeni ilin və yazın gəlişinin bayramı kimi Novruzun yeniləşmə, ümid və nikbinlik rəmzi olduğunu bildirib və bu bayramın ideallarını bölüşdüyü üçün Azərbaycan tərəfinə təşəkkür edib. O, Avropanın zəngin mədəni irsinin hissəsi kimi Novruzun həm də müxtəlifliyin əhəmiyyətini və möhkəmliyini nümayiş etdirdiyini qeyd edib.
Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Anar İbrahimov Novruzun keçmiş və gələcək arasında möhkəm körpü olmaqla yanaşı, həm də mədəni müxtəlifliyə hörmət əsasında yanaşılmaqla ümumi dəyərlərin və adət-ənənələrin qorunmasının simvolu olduğunu, eləcə də onun sülh, harmoniya, həmrəylik və firavanlığı təcəssüm etdirdiyini bildirib.
Daha sonra tədbirdə Azərbaycandan gələn sənətçilər Eldəniz Məmmədov və Kamilə Nəbiyeva musiqiçilər Elman Sadıqov (tar), Şəhriyar Musayev (kamança) və Ramil Məhərrəmovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflər və muğam nümunələri ifa ediblər.
Eyni zamanda, rəqqaslar Nuray Bayramlı və Ramil Bağırovun mahir təqdimatında Azərbaycan xalq rəqsləri nümayiş etdirilib. Tədbir iştirakçılarına Novruz şirniyyatları təqdim edilib.
Həmrəyliyin və ehtiyacı olan insanlara şəfqətin Novruzun adətləri arasında olduğu diqqətə alınaraq, tədbir çərçivəsində Türkiyə və Suriyada cari ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələ qurbanlarına dəstək məqsədilə milli xüsusiyyətli əşyaların və suvenirlərin xeyriyyə satışı yarmarkası təşkil edilib.
Bundan əlavə, eyni gündə Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində Novruz konserti təşkil edilib. Konsertdə diplomatik korpusun üzvləri, yerli ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər. Musiqi proqramı Sən-Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.
Maraqlana bilərsizr