Ombudsman Səbinə Əliyeva şəhid ailələri və qazilərlə görüşüb
GÜNDƏMAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən Müharibəsi iştirakçısı olmuş qazilər və şəhid ailələri ilə görüş keçirib. Ombudsman Aparatında keçirilən görüşlərdə şəhid Elnur Allahverdizadənin atası Əli Həsənov, şəhid Əli Vəliyevin atası Kamran Vəliyev, şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva və həyat yoldaşı Aytən Quliyeva, eləcə də qazilər Ervin Cavadov, Mansur Məmmədov, Pərviz Quliyev və Elvin Orucov iştirak ediblər.
Ombudsman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə şəhidlərimizin ailə üzvlərini və qaziləri təbrik edib. Səbinə Əliyeva şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz qanları bahasına torpaqlarımızı düşməndən azad etdiklərini vurğulayıb, şəhid ailələrinə səbr diləyib.
Görüşdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət barəsində danışılıb. Eyni zamanda, Ombudsman şəhid ailələri və qazilərin müxtəlif məzmunlu müraciətlərini dinləyib və qayğıları ilə maraqlanıb. Səbinə Əliyeva onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini və müraciətlərin nəzarətdə saxlanılacağını qeyd edib.
Görüşün yekununda Ombudsman bir daha Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə işğal altında olan torpaqlarımızın azad edilməsinə görə dərin minnətdarlıq hissi duyduğunu bildirib.
Maraqlana bilərsizr