Pəhləvi dövrünün qaranlığına qayıdış mümkün deyil!
Güney AzərbaycanSon günlərdə İran İslam rejiminin İsraillə birbaşa qarşıdurma ehtimalının artması ilə, bəzi mərkəzlər və media orqanları məqsədli şəkildə devrilmiş şahın oğlu Rza Pəhləvinin adını gündəmə gətirərək, onu İran İslam Respublikası rejiminin yerinə mümkün alternativ kimi qələmə verməyə çalışıblar. Bu arada, o özü əsassız açıqlamalar vermiş, və faşist meylləri olan, monarxist hərəkatı dəstəkləyən bəzi farsdilli riyakar media qurumları da bu istiqamətdə xəbərlər və proqramlar yaymağa başlayıblar ki, onun adını ictimaiyyətin diqqət mərkəzinə çıxartsınlar.
Heç bir tərəfsiz müşahidəçiyə sirr deyil ki, Pəhləvi rejimi dövrü İranda fars (tacik) millətçiliyinin güclənməsi dövrü olmuşdur və bu dövr qeyri-fars millətlər üçün inkar, təhqir, aşağılama, ayrı-seçkilik, istibdad, müstəmləkəçilik, hətta soyqırımı xatırladır. Bu gün İranda hakim olan fars (tacik) millətçi sistemi, İranshəhr hərəkatı və ya Şuubiyə adlandırılan bu sistem, məhz həmin dövrdə qurulmuşdur və İran İslam Respublikası rejimi əslində Pəhləvi rejiminin mirasçısıdır. Təbii ki, unutmamaq lazımdır ki, İran İslam Respublikasının orta əsrlər düşüncə tərzi və qeyri-insani təfəkkürü də, Məşrutə inqilabının qazandığı hüquqları, o cümlədən Əyalət və Vilayətlər Məclisləri haqqında mütərəqqi qanunu məhv edən Pəhləvi diktaturasının və təzyiqinin nəticəsidir. Bu, Məşrutə inqilabının idealları istiqamətində azadlıq, bərabərlik və ədalətin ölkədə bərqərar olmasına mane oldu.
Bir əsrdən bəri İrandakı məzlum millətlər müxtəlif iqtisadi, siyasi, mədəni, dini və ictimai zülmlərlə mübarizə aparır və bu müddət ərzində azadlıq və xilas uğrunda böyük bədəl ödəyirlər və ödəməyə davam edirlər. Bu gün də İranda məzlum xalqlar, o cümlədən türk, ərəb, bəluç, kürd və digər millətlər ağır iqtisadi çətinliklər, yoxsulluq, işsizlik, hökumət strukturlarında sistematik korrupsiya, ağır repressiyalar və digər çoxsaylı böhranlar içərisində qəddar İran İslam rejimi diktaturasından qurtulmaq üçün mübarizə aparırlar. Lakin məzlum millətlərdən heç biri, heç bir halda Pəhləvi dövrünün qaranlığına qayıtmaq istəmir, çünki həmin rejimdən xoş xatirələri yoxdur və bütün çətinliklərin mənbəyinin də o rejim olduğunu yaxşı bilirlər.
Biz, Güney Azərbaycan və Qaşqayi türk partiyaları və təşkilatları olaraq açıq şəkildə bəyan edirik ki, əgər İran adında bir ölkə mövcud olacaqsa, o ölkə hər cür irqi, dini, milli, sinfi, ideoloji və digər istibdad və müstəmləkəçilikdən azad olmalıdır. Həqiqi plüralist demokratiya qurulmalı və məzlum millətlərin bütün hüquqları tam tanınmalıdır. Heç kimdə şübhə olmasın ki, İranda məzlum millətlər bu ideal uğrunda bütün gücləri ilə mübarizə aparacaqlar.
Azərbaycan Mərkəz Partiyası
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Qaşqayi Azadlıq Yolu Partiyası – QAYİ
Maraqlana bilərsizr