© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Pezeşkian Rusiyaya dostluq əli uzadacaqmı?

İranda keçirilən prezident seçkilərində Məsud Pezeşkian ikinci turda 16,3 milyon səs və ya 53,7 faiz seçicinin səsini toplayaraq qalib gəlib. Bununla da o, səsvermənin gözlənilməzliyi və İslam Respublikasında əsl rəqabətli seçkilərin mövcudluğunu nümayiş etdirib. Birinci raundda əsas favorit Məhəmməd Baqir Qalibafın ikinci tura çıxmaması ilə sensasiya baş verib.

Nisbətən yüksək fəallıq (demək olar ki, 50%) mühafizəkar Səid Cəliliyə qarşı olub, çünki islahatçılar “boz elektoratı” “oyatmaq”la, Pezeşkianın qələbəsini təmin edib. Amma İran üçün üstünlüklər də var: indi heç kim İslam Respublikasını seçki prosesinin qeyri-legitimliyinə görə təqsirləndirə bilməz.

Reyting.az xəbər verir ki, bu barədə “Regnum” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Bundan əvvəl Pezeşkian 2 dəfə prezidentlik uğrunda mübarizədə iştirak etsə də, uğur qazana bilməyib. 2013-cü ildə o, seçki yarışını tərk etmək qərarına gəlib və 2021-ci il seçkilərində onun namizədliyi İranın Nəzarətçilər Şurasında təsdiqlənməyib.

O zaman ölkəyə islahatların tərəfdarı yox, mühafizəkar lazım idi. İndi qəbul olunmayan namizədlər arasında eks-prezident Mahmud Əhmədinejad kimi ultra-mühafizəkarların nümayəndələri də vardı.

Amma Pazeşkiana, əksinə, bu dəfə seçkilərdə iştiraka icazə verilib və indi o, tapşırılan funksiyanı yerinə yetirən, Ali Rəhbər (Rəhbər) Əli Xamnəinin müəyyən etdiyi siyasəti həyata keçirən tam sistemli namizəd sayıla bilər.

Rol əvvəlcədən aydındır

“Hər bir prezident öz siyasi düşərgəsini nəzərə alaraq, şübhəsiz ki, ölkənin xarici siyasətində dəyişikliklər edəcək. Çünki hər düşərgənin daxili və xarici siyasət məsələlərinin həlli ilə bağlı tamamilə fərqli baxışları var”, - İrandakı Qafqaz Araşdırmaları İnstitutunun direktoru, doktor Cəfər Xaşe “Regnum”-a bildirib.

O vurğulayıb ki, “ümumiyyətlə, İranda qalib gələn prezidentliyə namizədin mənsub olduğu islahatçı hərəkat bəzi liberala yaxın mövqelər haqqında fikirlər səsləndirir, bu, həm daxili, həm də beynəlxalq siyasətə yanaşmalara aiddir”.

Cəfər Xaşenin sözlərinə görə, islahatçılar ölkələr arasında “dinc birgəyaşayış əsasında” əməkdaşlığın vacibliyini vurğulayırlar və xarici siyasət məsələləri onlar üçün daxili məsələlərdən daha üstündür. “Onlar daxili problemlərin həllinin açarını digər dövlətlərlə, o cümlədən Qərb dövlətləri ilə qarşılıqlı fəaliyyət və dialoq əsasında xarici siyasətin tənzimlənməsində görürlər. Beləliklə, bu hərəkatın bütün səyləri güc mərkəzləri ilə münasibətləri normallaşdırmağa və inkişaf etdirməyə yönəldilib, xüsusən də Qərbdə”, - doktor Xaşe deyir.

Bu yanaşmanın praktiki nəticəsi, iranlı analitikin fikrincə, nüvə sazişi (JCPOA) olub. O qeyd edir ki, mühafizəkarlar JCPOA-nı tənqid edərək, bildirirlər ki, Qərb İranla bərabərhüquqlu münasibətləri istəmir və İslam Respublikasının təkcə dinc nüvə enerjisi sahəsində fəaliyyətini dayandırmağa deyil, həm də “onun milli, regional və beynəlxalq potensialını məhv etməyə çalışır”.

Öz növbəsində, ekspertin fikrincə, mühafizəkarları “tamamilə yox, böyük ölçüdə” realist kimi xarakterizə etmək olar. Onlar hesab edirlər ki, “beynəlxalq münasibətləri idarə edən məntiq gücün məntiqidir və gücün ən mühüm komponenti onun hərbi ölçüsüdür”.

İranlı analitikin qeyd etdiyi kimi, “mühafizəkarlar hökuməti, xüsusən də “hərbi və təhlükəsizlik ölçülərində” gücləndirilməli olan ən mühüm funksioner kimi görürlər. “İslahatçı hərəkatdan fərqli olaraq, bu düşərgə regional və beynəlxalq [anti-Qərb] koalisiya yaratmağa çalışır, buna görə də şərqdəki qonşular və ölkələr mühafizəkarların xarici siyasətində prioritetdir”, - deyə doktor Xaşe əlavə edir.

Bununla belə, yanaşmalarda mühafizəkarlarla islahatçılar arasında ciddi fərqlərə baxmayaraq, İranın müasir tarixində Rəhbər bu və ya digər mərhələdə İslam Respublikasının qarşısında duran əsas məqsədlərdən asılı olaraq islahatçıları və mühafizəkarları qarışdıraraq prezidentləri məharətlə idarə edirdi. Ona görə də Pezeşkianın qalib gələcəyi ssenari də böyük ehtimalla Ali lider tərəfindən proqnozlaşdırılıb və onun rolu əvvəlcədən müəyyən edilib. Amma bu o demək deyil ki, seçkilərin özündə hər hansı manipulyasiya olub.

Üstəlik, indiki şəraitdə mühafizəkar daha əlverişli fiqura çevriləcəkdi, xüsusən də İslam Respublikasının Qərbdəki əsas antaqonisti Donald Trampın Ağ evə mümkün qayıdışını nəzərə alsaq.

İslahatçı Pezeşkiana maksimum fayda gətirə biləcəyi iş sahəsi ayrılacaq. Və bu baş verməsə, onun növbəti səlahiyyət müddəti baş tutmaya bilər.

Rotasiya necə işləyir?

Məhəmməd Xatəmi İranın ilk islahatçı icra başçısı oldu. O, ölkə daxilində üç əsas məqsəd güdürdü - qanunun aliliyinə nail olmaq, İslam demokratiyasının genişləndirilməsi və bütün iranlıların siyasi qərarların qəbuluna cəlb edilməsi. Əsas xarici siyasət məqsədi İranı beynəlxalq təcriddən çıxarmaq və Qərblə münasibətləri normallaşdırmaq idi.

ABŞ prezidenti Corc Buş 2002-ci ildə yenidən birbaşa İslam Respublikasını “şər oxu”nun əsas elementi kimi müəyyənləşdirdikdən sonra İranın beynəlxalq siyasət məqsədlərinə nail olmaq qeyri-mümkünsüz hala gəlib və bundan sonra ABŞ-İran dialoqu mənasını itirib, prezidentin mühafizəkar şəxslə əvəzlənməsinə səbəb olub.

Nəticədə, 2005-ci ildə ən çətin kursun tərəfdarı, mühafizəkar və “Sepah”ın himayə etdiyi Əhmədinejad prezident seçilib. Eyni zamanda, ali icra hakimiyyəti başçısının Rəhbərin səlahiyyətlərinə hücum etmək üçün ilk cəhdi olub ki, bu da Əhmədinejadın parlamentdəki 290 yerin təxminən dörddə üçünü itirməsi ilə nəticələnib. 2012-ci ilin yazında Xamnəinin müttəfiqləri çoxluq qazanıb. Bu, təkcə indiki icra başçısının tərəfdarlarının məğlubiyyəti deyil, həm də növbəti seçkilərdə onların nümayəndələrinin perspektivinin olmaması demək idi. 2013-cü ildə ikinci prezidentlik müddəti başa çatdığından, Əhmədinejadın özü də artıq onlara qatıla bilməzdi. Buna görə də 2013-cü ildə Rəhbər Həsən Ruhaniyə seçkilərdə qalib gəlmək imkanı verib. Bu da haqlı görünürdü, çünki yeni islahatçı və praqmatist prezidentə ABŞ-la “nüvə sazişi” kimi tanınan müqavilələr bağlamaq tapşırılıb. Onlar İslam Respublikasından sanksiyaların götürülməsinə icazə verməli idilər.

Müəyyən uğurlara baxmayaraq, 2018-ci ildə Donald Tramp birtərəfli qaydada sazişdən çıxıb və sanksiyalar, əksinə, daha da sərtləşib.

Beləliklə, islahatçılar mövqelərini itirdilər. Daha sonra mühafizəkar İbrahim Rəisi 2021-ci ildə İranın icra hakimiyyətinin başçısı oldu və islahatçıların ən uğurlu namizədi Pezeşkianın iştirakına icazə verilmədi.

İran və Qərb: istiləşməni gözləməliyik?

İndi yəqin ki, məhz Pezeşkian hansısa kompromis addımları ilə daxili siyasi vəziyyəti müəyyən qədər sakitləşdirə, cəmiyyətdəki gərginliyi aradan qaldıra bilər. “Onun prezidentliyi dövründə JCPOA və digər oxşar məsələlərlə bağlı danışıqların yenidən İran hökumətinin gündəmində olacağı ehtimalı var. Onun heyətinin enerji və diqqətinin böyük hissəsi Qərblə mübahisələrin və gərginliyin həllinə yönələcək, lakin regional məsələlər və qonşularla münasibətlər, əlbəttə ki, vacib olaraq qalacaq”, - deyə doktor Xaşe bildirib.

Buna baxmayaraq, İslam Respublikasının kursu dəyişməz qalacaq. Bu həm xarici, həm də daxili siyasətə aiddir. Pezeşkian isə həqiqətən istəsə belə, bu kursu dəyişə bilməyəcək.

Trampın Ağ evə mümkün qayıdışı islahatçıların bütün üstünlüklərini inkar edə bilər və onların ABŞ və Qərblə dialoqa açıq olması sadəcə, tələb olunmayacaq. Odur ki, islahatçı prezidentin hakimiyyəti altında labüd bir şey kimi Amerika-İran münasibətlərində hansısa istiləşməni hələ gözləmək lazım deyil.

“Əlbəttə, bütün bu dəyişikliklər və fərqliliklər İranın xarici siyasətinin əsaslarında deyil, metod və taktikadadır. İslam Respublikasının əsas siyasət strategiyasını İslam İnqilabının Rəhbəri [Əli Xamnəi] müəyyənləşdirir və hökumət sadəcə olaraq bu siyasətləri həyata keçirir.

Bununla da ölkənin ümumi siyasətində sabitlik və davamlılıq formalaşır. Ona görə də hökumətlərin dəyişməsi ilə İranın xarici siyasətində əsaslı dəyişikliklər gözləmək lazım deyil, çünki hökumətlər Konstitusiyaya uyğun olaraq belə səlahiyyətlərə malik deyil”, - iranlı analitik yekunlaşdırıb.

İran və Rusiya: soyuma olmayacaq

Amma qətiyyən narahat olmağa dəyməz odur ki, İslam Respublikası Rusiya ilə münasibətlərə yanaşmasını dəyişəcək.

Doktor Xaşe deyir: “Rusiya təkcə qonşu ölkə kimi deyil, həm də regional və qlobal güc kimi bütün hökumətlərimizin dövründə İranın xarici siyasətində xüsusi yer tutur”.

Onun sözlərinə görə, İran və Rusiya ikitərəfli, regional və beynəlxalq məsələlərdə o qədər sıx bağlıdırlar ki, İran və Rusiyada heç bir hökumət bir-birini görməməzliyə vura bilməz. Bütün bu şərtləri nəzərə alsaq, “Rusiya ilə münasibətlərdə yalnız radikal olmayan bəzi dəyişikliklər gözləmək olar”.

Ekspertin fikrincə, bu, ilk növbədə, İslam Respublikasının yeni xarici işlər nazirinin kim olacağından asılıdır:

“Şəhid prezident Rəisi hökumətində xarici işlər naziri Rusiya ilə əməkdaşlığın inkişafında böyük rol oynayıb. Cənab Pezeşkian hökumətində, yəqin ki, ölkəmizin keçmiş xarici işlər naziri cənab Zərif kimi adamlar var ki, Rusiyanın İranla Qərb arasında fikir ayrılıqlarını dəstəklədiyini və bu vəziyyətdən öz xeyrinə istifadə etdiyini düşünür".

İranlı analitik vurğulayıb ki, ancaq yeni məmurlar son illərdə iki ölkə arasında yaradılmış imkanlara arxalanmalıdırlar.

İslahatçılar hakimiyyətə gəldikdən sonra Moskva ilə Tehran arasında demək olar ki, qaçılmaz soyuqlaşma ilə bağlı yayılan bəzi şərhlər, həmçinin bu münasibətlərin tarixindən mənfi məqamlara işarələr əsassızdır.

Məhz islahatçıların hakimiyyəti dövründə Suriyada birgə hərbi kampaniya fonunda Rusiya ilə İran arasında müttəfiqlik münasibətləri inkişaf etməyə başladı. Amma sanksiyaların qismən götürülməsi bu prosesə heç bir təsir göstərmədi. İran yalnız Suriyada səylərini gücləndirdi və bu, Rusiya və İran hərbçiləri arasında görünməmiş əməkdaşlığa səbəb oldu.

Daha sonra, faktiki olaraq, 2015-ci ilin qışında və 2016-cı ilin yazında orada ən çox itki verən İran “Sepah” zabitlərinin başçılığı ilə “İslam müqaviməti”nin ekspedisiya qüvvələri Hələbə yerləşdirildi. Ümumiyyətlə, islahatçı prezident Ruhaninin dövründə Rusiya-İran münasibətləri tədricən inkişaf edib.

Təbii ki, bəzi problemlər var idi ki, məsələn, Rusiya bombardmançılarının Həmədandakı İran aerodromundan istifadə etməsi, bu məlumatın Rusiya mətbuatında dərc olunması İran ictimaiyyətinin mənfi reaksiyasına səbəb oldu.

Lakin mühafizəkarlarla münasibətlərdə də “nöqsanlar” var idi. İranın 2023-cü ilin dekabrında İslam Respublikasının özünün suveren ərazisi hesab etdiyi Fars körfəzindəki mübahisəli adalarla bağlı mövqeyi ilə əlaqəli iranlıların qeydlərini də xatırlamaq olar. Rusiya İran və BƏƏ arasındakı bu mübahisənin sülh yolu ilə həllinə tərəfdardır.

İkitərəfli münasibətlərdə hər hansı “geriçəkilmə” indi çətin ki, mümkün olsun.

İqtisadiyyata gəlincə, burada İranın rolu Türkiyə və hətta BƏƏ ilə müqayisədə əhəmiyyətsizdir. İslahatçıların Qərbə daha çox açıq olması, hətta əksinə, onlara İran vasitəsilə indi qapalı olan sanksiyalardan yan keçmək üçün yeni “boşluqlar” tapmağa imkan verə bilər.

Eyni zamanda, İslam Respublikasının ideoloji və strateji kursu dəyişməz olaraq qalacaq və bu, Rusiya üçün ən vacib məsələdir.

“İnanırıq ki, iki ölkə arasında münasibətlər ağacının əsas gövdəsi qorunub saxlanılacaq və yeni hökumət İranın Şanxay Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzvlüyünün üstünlüklərini nəzərdən qaçırmayacaq",- deyə Cəfər Xaşe fikirlərini yekunlaşdırıb.

Y. QACAR

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR