Prezident İlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT
GÜNDƏMPrezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:
“Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.
Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.
Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.
Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir.
Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur.
Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir.
Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.
Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.
Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.
Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər.
Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram”.
Maraqlana bilərsizr