© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Putin, Paşinyan və Əliyev mətbuata bəyanatla çıxış etdi

Noyabrın 26-da keçirilən üçtərəfli görüşdən sonra Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

***

20:34

Rusiya, Ermənistan və Azərbaycan liderləri - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin üçtərəfli görüşü 3 saata yaxın davam edib. Bu barədə RİA Novosti-yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov əlavə edib ki, Putin, Paşinyan və Əliyev mətbuata bəyanat ediblər və həmin bəyanat qısa vaxt ərzində jurnalistlər üçün açıqlanacaq.

***

17:16

Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

*** 

16.56

Putinlə görüşün mediaya açıq hissəsində prezident Əliyev Rusiya sülhməramlı fəaliyyətinin son bir ildəki fəaliyyəti dövründə ciddi insident, qarşıdurma qeydə alınmadığını bildirib. 16 noyabr toqquşmalarının baş verdiyi Ermənistanla sərhədin isə sülhməramlıların məsuliyyət zonasına daxil olmadığını vurğulayıb.

Əliyev Putinə bu məsələdə şəxsi roluna, eləcə də Rusiya sülhməramlılarına Qarabağda sülhün qorunmasındakı roluna görə təşəkkür edib. "Ümid edirik ki, gələn il bu işlər davam etdiriləcək, yaxşı nəticələr əldə olunacaq", – o bildirib.

Vladimir Putin  isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm sülhməramlıların, həm də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətini qeyd edib: "Problemlər, insidentlər baş verir. Təəssüf ki, hələ də qurbanlar verilir. Elə buna görə də yığışmışıq ki, bütün bunların baş verməməsi, vəziyyətin sakitləşməsi, regionun inkişafı üçün nə edildiyini, nə etmək lazım gəldiyini müzakirə edək".

Vladimir Putin ikitərəfli strateji tərəfdaşlığın uğurlu olduğunu da qeyd edib. O, Rusiyanın 900 şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini, Azərbaycana 4.5 milyard dollarlıq birbaşa sərmayə qoyulduğunu vurğulayıb.

Putin Əliyevə Azərbaycanda rus dilinin inkişafına görə xüsusi təşəkkürünü bildirib. "Azərbaycanda məktəblilərin 34 faizi bu və digər şəkildə rus dilində təhsil alır, yaxud bu dili öyrənirlər. Bu, yaxşı göstəricidir. Bu, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının sıx münasibətlər saxlamaq istəyini göstərir", – o deyib.

İ.Əliyev isə azərbaycanlı gənclərə Rusiyada təhsil almaq üçün yaradılan şəraitə görə təşəkkür edib: "Hazırda 15 mindən çox azərbaycanlı Rusiyanın ali təhsil müəssisələrində təhsil alır. Bu, bir təhsil ocağı deməkdir".

16.51

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, hazırda Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilir. Bu görüş başa çatandan sonra Putin Əliyev və Paşinyanla üçtərəfli görüş keçirəcək. “Həmin görüş başa çatandan sonra Putin Paşinyanla ayrıca söhbət edəcək. Yəni Putinin ikitərəfli görüşləri və bir üçtərəfli görüşü var”, - o bildirib.

15.30

Soçidə Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

***

 

11:26

Noyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib. Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR