QHT təmsilçiləri Azərbaycan prezidentinə müraciət ünvanlayıb
CƏMİYYƏTZəngilanda keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Reyting.az "Report"a istinadla xəbər verir ki, "Yaşıl Dunya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti" 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilməsi və Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlıdır.
Müraciətdə deyilir:
"Biz - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları olan ictimai birliklərin rəhbərləri Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.
Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir, bu ərazilər eyni zamanda yaşıl enerji zonaları elan olunub.
Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir. Azərbaycanın COP29 ölkəsi kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə İEOÖ-in diqqətini daha da artırıb.
Son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə 71 ölkədən 367 QHT və ictimai fəalın müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə etməsi, bu ölkələrdən 62-sinin məhz İEOÖ-lər olması bunun aydın ifadəsidir.
OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində təşəbbüskarlığı ələ almalıdır.
Sizin rəhbərliyinizlə yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlanılıb. Azərbaycanın yaxın 6 ildə günəş və külək enerjisi 5000 meqavat (5 qiqavat) təşkil edəcək. 4 qiqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları 157 qiqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını aydın nümayiş etdirir.
Qlobal istiləşmə şəraitində Azərbaycan dünyaya müdrik mesaj verir ki, qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəyliklə alına bilər.
Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik!
QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilmiş forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, 3 paneldən 2-si bu mövzuda idi. Aparılmış müzakirələr əsasında biz belə bir ümumi qənaətə gəlirik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strategiyanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!
Siz qalib xalqın qalib lideri kimi ölkəmizi yeni inkişaf mərhələsinə qaldırmısınız.
Biz Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq və bərpa işlərinin şahidiyik. Təəssüflər olsun ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını 1.5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirib. İndi ərazinin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün böyük işlər aparırsınız. Biz qəti əminik ki, gün gələcək Siz Qarabağ və Şərqi Zəngəzuru minadan azad bölgə elan edəcəksiniz!
Biz - “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti”ni qəbul etməklə, apardığınız siyasətə tam dəstəyimizi ifadə edir, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq!".
Maraqlana bilərsizr