© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Rusiya ABŞ-ın sirli kosmik gəmisini vurmaq üçün S-550 sistemi hazırlayır

Rusiyada işlənib hazırlanmaqda olan S-550 mobil raket sistemi ABŞ-ın indiyə qədər barəsində çox az məlumat olan və böyük məxfilik pərdəsi ilə örtülən X-37 pilotsuz kosmik aparatını vurmaq üçün nəzərdə tutulub. virtualaz.org xəbər verir ki, bu haqda Rusiyanın hərbi-sənaye kompleksindəki iki mənbə “RİA Novosti” agentliyinə bildirib.

Bundan əvvəl Rusiya bildirmişdi ki, X-37 orbital pilotsuz kosmik gəmisi göyərtəsində bir neçə nüvə başlığı daşıya bilər və kosmosda mənzillənmiş strateji təyinatlı zərbə sistemləridir. Bununla belə, Birləşmiş Ştatlar həmin kosmik gəminin ancaq elmi və kəşfiyyat məqsədləri üçün nəzərdə tutulduğunu bildirir. X-37 kosmik gəmisi barədə çox az şey məlumdur, amma bəllidir ki, onlar kosmosda öz orbitlərini dəyişərək manevr edə bilir.

“S-550 strateji raketdən müdafiə mobil sistemi ballistik və orbital kosmik hədəflərin, ilk növbədə isə qitələrarası raketlərin nüvə döyüş bloklarının məhv edilməsi üçün nəzərdə tutulub. Tipik hədəflər arasında Amerikanın X-37 pilotsuz kosmik gəmisi, habelə hipersəs sürətli döyüş blokları göstərilə bilər”, - mənbələrdən biri deyib.

Digər mənbə isə qeyd edib ki, belə hədəfləri vurmaq üçün S-550 sisteminin tərkibində böyük məsafələrdən hədəfi, o cümlədən döyü bloklarını və kosmik obyektləri aşkar edən RLS olacaq. Mənbələr deyiblər ki, S-550 Rusiya ordusunun silahlanmasına yeni daxil edilən S-500 “Prometey” zenit-raket komplekslərinin modifikasiyası olacaq, amma onunla müqayisədə dəfələrlə böyük məsafələrdən ballistik və orbital hədəfləri vura biləcək.

Bildirilir ki, S-550 hələ elmi-tədqiqat və təcrübə-konstruktor mərhələsindədir. Bu sistem haqda ilk dəfə müdafiə naziri Sergey Şoyqu noyabrın 9-da Müdafiə Nazirliyində keçirdiyi müşavirədə bildirib. Sistem barədə hər hansı digər məlumat açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya kosmosda istismardan çıxarılmış sovet süni peykini vurub və peykin yüz minlərlə qalıqları fəzaya səpələnib. ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti, habelə NATO bu sınaqdan ciddi narahatlıq ifadə ediblər. Vaşinqton bəyan edib ki, kosmosda süni peykin vurulması Rusiyanın kosmik peyklərə qarşı silah sistemləri üzərində işlədiyini sübut edir və bu kosmik fəzanın birgə, təhlükəsiz istifadəsini təhdid edir.

Bu baş verənlər “Soyuq müharibə” dövründə SSRİ ilə ABŞ arasında başlayan və “ulduz müharibələri” adını alan silahlanma yarışını da xatırladır. Hansı ki, o vaxt ABŞ Rusiyanı üzücü silahlanma yarışına cəlb etmək üçün kosmik silahlar üzərində işlədiyini elan etmişdi. İndi isə belə görünür ki, tərəflər hərbi qarşıdurmanı kosmik fəzaya keçirmək məsələsinə daha əməlli yanaşmağa başlayıblar...

virtualaz.org

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR