© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Sahil Babayev Yaponiyanın ölkəmizdəki səfiri ilə düşmənin təxribatlarından danışıb

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi ilə videoformatda keçirilən görüşü zamanı bildirib.

Nazir vurğulayıb ki, Ermənistanın bu günlərdə törətdiyi növbəti terror, yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Azərbaycan tərəfindən 30 mülki şəxs həlak olub, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb. Azərbaycan ümumən regionda sülh və təhlükəsizliyin təmin olunmasına ciddi zərbə vuran Ermənistanın təcavüzünə son qoymaq üçün haqq savaşındadır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə, bütün dünya tərəfindən dəstəklənir. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-hücum xarakterli hərbi əməliyyatları ölkəmizin məhz öz ərazisində aparır və ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır.

S.Babayev Azərbaycanla Yaponiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini, Azərbaycan rəhbərliyinin Yaponiya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək əzmində olduğunu qeyd edib. İqtisadi əməkdaşlığın Azərbaycan və Yaponiya arasında əlaqələrin prioritet istiqamətini təşkil etdiyini deyən nazir sosial inkişafın təmin olunmasının Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən olduğunu vurğulayıb.

O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatlar, pandemiya dövründə görülən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib. Yaponiya ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılmasının, bu məqsədlə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin, habelə sosial sahədə əməkdaşlığın inkişafı üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb. 
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib. Ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir standartlar səviyyəsində qurulması üçün mühüm işlərin aparıldığı qeyd edilməklə, tibbi-sosial reabilitasiya, əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidmətləri sahəsində ikitərəfli əməkdaşlığın geniş müstəvidə təşkili, bu sahədə Anlaşma Memorandumunun imzalanmasının mümkünlüyü, işçi qüvvəsinin bacarıqlarının təkmilləşdirilməsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR