"Sarı Şəmil"in çayxanası, bir əfsanənin TARİXİ
CƏMİYYƏT“Ağdamdan gələn gündən, elə hey ora qayıtmaq, çay evini təzədən qurub-yaratmaq idi arzusu. Qismət olmadı. İndi Allahın izni ilə torpağımıza qayıdan kimi oğlum atasının arzusunu həyata keçirəcək”.
Yeganə xanım deyir bu sözləri. Şamil Həsənovun həyat yoldaşıdır Yeganə xanım. O Şamil Həsənov ki, məşhur “Ağdam çay evi”nin müdiri olub. Bəli, bu gün Ağdamın simvolu olan bu çay evinin hekayəsi ilə tanış edəcək oxucularını. Sağ olsaydı Şamil bəyin öz dilindən eşidərdik. Amma ömrü vəfa etmədi. Dekabrın 11-də gözlərini əbədi yumdu bu dünyaya.
Şamil Həsənov 1946-cı ildə Şuşa şəhərində anadan olub. Ağdam şəhərində boya-başa çatıb və həyatını burada qurub. 1986-cı ildən 1993-cü ilə qədər “Ağdam çay evi”nə müdirlik edib. Ağdamın işğal olunması və çay evinin yandırılması ilə təkcə onun iş yeri yox, bütün arzuları da kül olub:
- Vallah bala, o çay evi yananda Şamilin üzündə yaranan kədəri heç cürə təsəvvür edə bilmərəm. Sanki yanan evi, ocağı idi. Heç evimiz dağılanda o qədər əzab çəkməmişdi.
Şamil bəy bu çay evinin tikilməsində və sonradan işlədilməsində böyük əmək sərf edir. Çay evinə təkcə müdiri yox, lazım gələndə fəhləsi, qonaq qarşılayanı da olur.
İndi gələk digər məsələyə. “Ağdam çay evi”nin necə tikilməsinə. Ümumiyyətlə, bu layihə necə yarandı? Yeganə xanım həmin günləri yaxşı xatırlayır:
- Səksəninci illərdə Ağdam Rayon Partiya Komitəsinə rəhbərlik etmiş Sadiq Murtuzayevin rayonda həyata keçirdiyi layihələrin demək olar ki, əksəriyyətinin ideya müəllifi AMEA-nın müxbir üzvü, professor Xudu Məmmədov idi. Xudu müəllim alim kimi elmdə, qarabağlı kimi Ağdamda bir çox ilklərə imza atıb. Onlardan biri də Ağdamda inşa edilən o məşhur çay evi idi. Xudu müəllim səksəninci illərdə Ağdamda, Şuşada orta məktəbdə oxuyan hər bir şagirdin yaxşı yadında olar. Hər gəlişiylə hamını sevindirən Xudu müəllim tez-tez məktəblərə gedər, rayonun bütün mədəni-kütləvi tədbirlərində iştirak etməyi özünə vəzifə bilirdi...Yaxşı günlər idi...”
73 yaşlı Yeganə xanım söhbət zamanı xatirələrə dalır. “Ağdam çay evi”nin layihəsi Xudu müəllimin gətirdiyi jurnaldakı şəkildən götürülmüşdü deyir:
- Əlində bir jurnal var idi. Sonra məlum oldu ki, bu jurnal yox, təqvimdi. Təqvimdə Çin Xalq Respublikasının gözəgəlimli yerlərinin və memarlıq abidələrinin şəkilləri verilmişdi. Bu şəkillərdən biri də meşənin içində göydələn kimi hündürmərtəbəli binanın təsviri idi. Bax həmin bu tikilən çay evinin eynisi. Həmin vaxtlarda keçmiş SSRİ məkanında “alkokolsuz həyat” kompaniyasına start verilmişdi. Şəklə baxanda Sadıq müəllimin ilk ağlıma gələn çay evinin tikintisi olur. Bu barədə danışıb qərar verirlər. Hətta səhəri günü şəhərdə tikiləcək yerlərə də baxış keçirirlər.
Hə, yeri gəlmişkən, binanın tikilməsi, layihənin icra olunması ilə bağlı rayonun baş memarı Naiq Səmədovdan da məsləhət alınır. Naiq bəy çox düşünüb-daşındıqdan sonra bir layihə hazırlayıb birinci katibə təqdim edir. Çay evinin yeri də müəyyən olunmuşdu - şəhərin ən görkəmli yeri olan məscidin yanında tikiləcəkdi. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilir. Yeganə xanım deyir ki, onların arasında çox bacarıqlı ustalar var idi...
- Şamil özü də qollarını çirməyib onlarla birlikdə işləyirdi. Baxmadı ki, oranın müdiri olacaq. Çox zəhmət çəkdi. Elə vaxt oldu ki, maliyyə çatışmazlığı yaşandı. Şamil heç tərəddüd etmədən öz hesabına tikintini başa çatdırdı. Həmin günlərdə mən də fəhlələr üçün yemək bişirirdim. Uşaqlar da kömək edirdilər. Yemək, çay hazırlayırdım, onlar da aparırdılar.
Beləliklə, Novruz bayramında başladıqları işi iyulda başa çatdırırlar. 1986-cı ilin 26 iyulunda “Ağdam çay evi”nin açılışı olur.
- Həmin gün orda daha kimlər yox idi ki?! Rayonun ən tanınan, hörmətli adamları orda idi. Xudu müəllim və Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edənlər arasında idilər. Yaxşı yadımdadı. “Xarı bülbül” festivalı təşkil olunmuşdu. Onda rayonumuza bir çox məşhurlar da gəlmişdilər. Zeynəb Xanlarova, Nəsibə Zeynalova...
Şamil kişi 5 nəfərlik ailənin başçısı idi. İki oğul, bir qız atası. Yeganə xanımın da dediyi kimi ailəsi onda bütün işlərində dəstək olublar. Çay evinin işlədilməsində də. Böyük oğlu Anar bəyin indi 49 yaşı var. Deyir ki, çay evinin tikildiyi və fəaliyyət göstərdiyi günləri yaxşı xatırlayır:
- Çay evinin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konsrtuksiyalarla bir-birinə birləşirdi. Həmin borunun içini sementlə doldurmuşdular ki, aşmasın. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxırdın.
Orda təkcə çay verilmirdi. Qonaqlara xəmir xörəkləri də təklif olunurdi. Qış aylarında orda verilən xəngəlin ayrı bir ləzzətli dadı olardı. Anar deyir ki, çay evi məscidin yanında yerləşdiyindən, atası orda içki içilməsinə icazə verməyib.
- “Sarı Şəmil” deyirdilər atama. Böyük hörməti var idi. Kimlər gəlməzdi ki, oraya?! Ölkənin hər yerindən bu yerlərə gələnlər “Ağdam çay evi”ni görmədən getməzdilər. Buranın çayı da məşhur idi. Ən ləzzətli çay burda olardı. Cürbəcür şirniyyatlar, mürəbbələr...Mürəbbələrin hamısını nənəm, atamın anası bişirirdi. Bir də blinciklər var satılrdı. Onu almaq üçün camaat haralardan gəlirdi... Dadına doymaq olmurdu.
Şamil bəyin qızı Zülfiyyə xanım deyir ki, gələn qonaqlara oradan pay da verilirdi:
- Atam ora gələni əliboş göndərməzdi. Özü alırdı ən yaxşı çayları gələn qonaqlar üçün pay qoyurdu. Bir məqamı da qeyd edim ki, o vaxt “Ağdam çay evi” tikilərkən pilləkənləri içəridən qoyulmalı idi. Atam buna etiraz edir. Deyir ki, “qız-gəlin rahat çıxa bilməz, çöldən qoyulsun pilləkənlər”. Tikinti zamanı bu nəzərə alınır. Yəni o ideya atamın olub. Çay evinin rəsmi var idi evdə. Atamın 70 illiyində hədiyyə etmişdilər. Həmişə söhbət zamanı deyirdi ki, “bu mənə verilən ən dəyərli hədiyyədir”. Onu saxlamışdı ki, yenidən çay evi tikiləcək və içindən şəkli asacaq. Yaxın illərdə çay evinin bənzəri Quzanlı qəsəbəsində tikildi. Atama dedilər ki, gəlsin baxsın, tövsiyələrini versin. Səhhəti ilə bağlı problemləri var idi. Gedə bilmədi. Amma çox sevinmişdi.
Son nəfəsinə qədər Ağdamlı günlərdən, çay evindən danışarmış. “Həmin günləri böyük sevinclə xatırlayırdı” deyir həyat yoldaşı Yeganə xanım:
- Ağdamdan gələn gündən bəri arzusu elə hey ora qayıtmaq, çay evini təzədən qurub-yaratmaq idi. Qismət olmadı. Ürəyi dözmədi... Elə ki, eşitdi torpaqlarımız işğaldan azad olub sevincindən bilmirdi nə edə. Çox həyəcan keçirdi. Ürəyi dözmədi...
İndi Allahın izni ilə torpağımıza qayıdan kimi oğlum atasının arzusunu həyata keçirəcək.
Lent.az
Maraqlana bilərsizr