© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Şəhid ailələri və müharibə əlilləri üçün görüləcək işlər - RƏQƏMLƏR

İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Dövlət başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

Xocasəndəki şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir.

1997-2021-ci illərdə  ümumilikdə 10 mindən çox şəhid ailəsi mənzillə təmin olunub.

Şəhid ailələri və müharibə əlillərinə dövlət dəstəyi sosial siyasətin prioritetləri sırasındadır. 2021-2025-ci illər üçün 11 minədək mənzil təminatı nəzərdə tutulur.

Müharibə əlillərinə avtomobillərin verilməsi də sosial dəstəyin göstəricilərindəndir. İndiyədək 7200-dən çox əlilliyi olan şəxsə avtomobil verilib.

2021-ci il üçün daha 150 müharibə əlililinin avtomobillə təmini planlaşdırılır.

İlham Əliyev açılışda deyib ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır.

“Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı bildirib ki, bu il 16 min insanın özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır, onlardan 5 mindən çoxu şəhid ailələrinin üzvləri və müharibə əlilləridir.

“Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.

İndi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bax, bunu biz edirik. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib”, - deyə İlham Əliyev əlavə edib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR