Serbiya enerji nəqlinin şaxələndirilməsində Azərbaycana ümid bəsləyir
İQTİSADİYYAT“Serbiya Azərbaycan qazını gələcəkdə alacaq Bolqarıstan ilə interkonnektorun tikintisini tamamlayacaq”.
Bunu “Report”a Serbiya Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazovla keçirdiyi görüşlərdə müzakirə mövzularından biri olub.
“Bunu müzakirə etməklə bağlı razılıq əldə etdik. Ola bilər ki, gələn ildən etibarən ölkənizdən təbii qaz ala biləcəyik. Serbiya bir enerji təchizatçısından asılı olan kiçik ölkədir. Bu səbəbdən, enerji nəqlinin şaxələndirilməsi bizim üçün son dərəcə mühümdür. Serbiya bu məsələdə Azərbaycana ümid bəsləyir”, - o bildirib.
Z.Mixayloviç Serbiya və Azərbaycan arasında dost münasibətlərin olduğunu, ölkələr arasında gözəl ikitərəfli əməkdaşlığın qurulduğunu deyib.
Nazir 2018-ci ildə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin, daha sonra isə strateji tərəfdaşlıq haqqında fəaliyyət planının imzalandığını xatırladıb: “Burada olmaqdan və Azərbaycan ilə işləməkdən çox məmnunuq”.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qaz nəql ediləcək Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub. Gələcəkdə Serbiya-Bolqarıstan kəmərinin də TAP-a birləşdirilməsi planlaşdırılıb.
Maraqlana bilərsizr