© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Səudiyyə Ərəbistanı vəhhabilikdən imtina edir

Fevralın 22-i Səudiyyə Ərəbistanında “Təsis günü” adlanan yeni tədbirin beşinci ildönümünə təsadüf edib. Səudiyyə Ərəbistanı kralının 2019-cu ildə verdiyi fərman əsasında təqvimə daxil edilən bu gün 1727-ci ildə İmam Məhəmməd bin Səudun hakimiyyətinin başlanğıcı və ilk Səudiyyə hökumətinin qurulmasını ehtiva edir.

Reyting.az
 xəbər verir ki, bu barədə “New Lines” jurnalı yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

1932-ci ildə vilayətlərin birləşmə və müasir Səudiyyə Ərəbistanı dövlətinin formalaşmasının qeyd edildiyi Səudiyyə Ərəbistanının Milli Günündən fərqli olaraq, “Təsis günü”nün 2 əsas funksiyası var: siyasi mifi şərəfləndirmək və başqa bir mifi silmək.

Həmin gün Səudiyyə Ərəbistanının müasir hökumətinin Ərəbistan yarımadasında ardıcıl 3 əsrdə üçüncü hökumət olmasının tarixçəsini xatırladır. Bu hadisə həm də ilk Səudiyyə hökumətinin 1744-cü ildə vəhhabi hərəkatının banisi Məhəmməd bin Əbdülvəhhabla Məhəmməd bin Səud arasında bağlanan müqavilədən sonra qurulduğuna dair siyasi rəvayətləri təkzib edir.

1744-cü il əvəzinə ilk Səudiyyə rejiminin başlanğıc ili olaraq 1727-ci ili seçərək, “Təsis günü” Səudiyyənin siyasi tarixçəsində vəhhabiliyi əvəz etməyə çalışır.

Bir çox səudiyyəli ekspert və analitiklər üçün vəhhabi rəvayətinin aradan qaldırılması dərin və radikal bir addım hesab olunur. Əvvəllər qəbul edilmiş fikir bu idi ki, 1744-cü ildən bəri Səudiyyə rejimi həmişə özünü vəhhabiliyin yeganə qoruyucusu və təbliğatçısı kimi qanuniləşdirib, Səudiyyə Ərəbistanında siyasi hakimiyyət Səudiyyə kral ailəsi ilə vəhhabi dini elitası arasında bölünüb. Bu fikrə görə, vəhhabiliyi tərk etməklə Səudiyyə rejimi əsas legitimlik mənbəyini itirir və dini sistemlə tarixi əlaqəsinə son qoyur.

Amma müasir Səudiyyə hökumətinin necə qurulduğuna daha yaxından nəzər saldıqda, Səudiyyə hökumətinin vəhhabiliyə arxalanaraq özünü qanuniləşdirməsi hekayətinin səhv bir tarixçə olduğu aydınlaşır. Səudiyyə krallığı vəhhabilik yolu ilə deyil, ərəblik və sələfiliyin iki elementini özündə birləşdirən qarışıq normativ ənənəyə əsaslanaraq qanuniləşdirilib.

Müasir Səudiyyə rejiminin formalaşması dövründə necə legitimləşdiyini başa düşmək üçün ilk addımı bilməliyik: həmin rejimin hakim elitası Osmanlı ərəblərinin son nəsli idi. Uilyam Klivlendin dediyinə görə, bu nəsil 1870-1890-cı illər arasında doğulub və onun üzvləri mərhum Osmanlı İmperatorluğu dövründə təhsil alıb, müxtəlif vəzifələri tutub və gələcək üçün planlar qurublar.

Birinci Dünya müharibəsinin sona çatması ilə Osmanlı imperiyası parçalanıb və bu nəslin bir çox nümayəndəsi Osmanlıdan sonrakı Yaxın Şərqin qurulmasında mərkəzi rol oynayıblar. Səudiyyə Ərəbistanına gəlincə, bu nəsil təkcə Səudiyyə hökumətinin qurulmasında rol oynamış Misir, Suriya və digər ərəb xalqlarından çoxlu müşavirlər, bürokratlar və ziyalılar deyil, həm də rejimin qurucusu Əbdüləziz Ali-Səud idi.

Əbdüləziz 1913-cü ildə Bəsrədə nəşr olunan “Əl-Düstur” qəzetinə ilk müsahibəsində özünü “Osmanlı ərəbi” kimi qələmə verir və “Ərəbistan yarımadasındakı Osmanlı vətənini qorumaq” üçün hər şeyi etməyə sadiq olduğunu deyir. Bu müsahibəni o, Osmanlı qarnizonlarının Şərqi Ərəbistandakı iki strateji vahədən, yəni əl-Əhsi və Əl-Qatifdən qovulmasına haqq qazandırmaq, habelə Bağdad və İstanbuldakı Osmanlı hakim elitalarını onun hərəkətlərinin separatçı kimi qiymətləndirilməməsinə inandırmaq üçün verib.

Osmanlı ərəblərinin son nəslinin nümayəndəsi kimi Əbdüləzizin bu baxışı onu vəhhabi lideri və ya Britaniya imperiyasının elementi kimi qələmə verən son illərin irəli sürülən digər alternativ fikirlərdən əhəmiyyətli dərəcədə fərqləndirir. Birinci alternativ (vəhhabi lideri) onu öz nəslindən və Əbdüləzizi zaman kontekstini nəzərə almadan tez-tez şərh və istinad edilən əfsanəvi vəhhabi keçmişi ilə əlaqələndirən dövründən ayırır. İkinci alternativ (Britaniya faktoru) Əbdüləzizin casus olduğunu rədd edir və Ərəbistan yarımadasında müasir Səudiyyə rejiminin yaradılması ilə nəticələnən 30 illik siyasi dinamikanı və tarixi hadisələri sadəcə Britaniya planına endirir.

20-ci əsrin əvvəllərində “sələfilik” sözü indiki kimi “vəhhabilik” sözü ilə bərabərləşdirilmirdi. O zaman bu söz, Henri Laozyenin fikrincə, “İslamı maarifçiliyin sosial, siyasi və intellektual idealları ilə uzlaşdırmağa çalışan” İslam İslahat Hərəkatını nəzərdə tuturdu. Bu hərəkat 19-cu əsrin sonlarında meydana çıxıb və onun əsas ziyalıları Cəmaləddin Əfqani, Məhəmməd Əbduh və Rəşid Rza olub. Bu hərəkat müsəlmanların müasir dünyaya uyğun gəlməyən davranış və inanclarını tənqid edirdi.

Birinci Dünya müharibəsindən sonra sələfi hərəkatının bir çox üzvü, Osmanlıdan sonrakı bir çox ərəb torpaqlarında qəyyumluq (mandat) sistemi tətbiq edildikdən sonra müstəqil ərəb dövləti üçün yeganə ümid yeri kimi görərək Səudiyyə layihəsini dəstəkləməyə başladı. Məsələn, tanınmış islam islahatçılarından olan Rəşid Rza İslam dünyasında yüksək nüfuza malik olan “Əl-Mənar” jurnalını sələfilik prinsiplərinə əsaslanan yeni Səudiyyə rejiminin təbliği və qanuniləşdirilməsi cəbhəsinə çevirdi.

Digər sələfilər də yeni Səudiyyə hökuməti qurmaq üçün mühacirət etmək qərarına gəliblər. Onlardan biri Səudiyyə Ərəbistanın təhsilində mühüm rol oynayan suriyalı islahatçı Məhəmməd Behcət əl-Bitar olub.

Qərb tarixçisi David Kamminsin yazdığı kimi, sələfilər də vəhhabi ideologiyasını Ərəbistan yarımadasında tərəqqiyə sadiq olan sələfi-millətçi hərəkatın bir hissəsi kimi şərh etməkdə mühüm rol oynayıblar.

Bütün bu tarixi rəvayətlərdən çıxarılan nəticə budur ki, Səudiyyə rejimi Ali-Səud ailəsi ilə dindar bir ailə arasındakı xəyali müqavilənin davamı olan vəhhabi hökuməti kimi qurulmayıb. Bu rejim müasir sələfiliyə güclü vurğu ilə ərəb krallığı kimi təşəkkül tapıb.

Bu məsələnin başa düşülməsi “Təsis günü”nün əhəmiyyətini və onun vəhhabi siyasi hekayətindən qopması fikrini zəiflətmir, lakin bu, diqqətimizi iki məqama cəlb edir:

Birincisi, müasir Səudiyyə Ərəbistanını vəhhabilərin qurması haqqında rəvayətə istinad edilmir.

İkincisi, vəhhabi rəvayətindən legitimləşdirmə vasitəsi kimi istifadə olunması kral Feysəl hakimiyyətə gəldikdən sonra baş verib. Yəni Səudiyyə rejiminin qurulması bilavasitə Səudiyyənin siyasətə və dövlət quruculuğuna yanaşmasını dəyişdirən tarixi qüvvələrin birləşməsinin nəticəsi idi.

Y. QACAR

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR