Soydaşlarımız Moldovadakı səfirliyə toplaşdı
DİASPORCari ilin 1 oktyabr tarixində Moldovada yaşayan 50-yə yaxın soydaşımız Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Azərbaycan səfirliyinə toplaşaraq, səfir Qüdsi Osmanov ilə görüş keçiriblər.
Bu barədə Azərbaycanın Moldova Respublikasındakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, həmvətənlərimizin səfirliyə toplaşmaqda əsas məqsədi 27 sentyabrda cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan ordusuna dəstək ifadə etmək, habelə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirmək olub.
Daha sonra görüşdə çıxış edən MAK-ın sədri Elçin Bayramov qeyd edib ki, cəbhədə gedən döyüşlərlə bağlı narahatlığını və dəstəyini bildirmək üçün 500 nəfərdən çox azərbaycanlı müraciət edib, lakin pandemiya səbəbindən Moldova qanunvericiliyinə uyğun olaraq 50 nəfərin iştirakı razılaşdırılıb. Bundan əlavə, E.Bayramov Moldovada yaşayan azərbaycanlıların ordumuza dəstək göstərmək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti ilə yardım etməsinin qərara alındığını görüş iştirakçılarının nəzərinə çatdırıb.
Bundan əlavə görüşdə keçmiş sədr Mehman İsmayılov, diaspor fəallarından Maarif Rəhimov, Vaqif Bayramov, gənclərdən Mahizər Məmmədova və Zamir Qurbanov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycanın və millətimizin maraqlarını qoruyan, mənafeyinə xidmət edən eləcə də, ərazi bütövlüyü uğrunda apardığı hərtərəfli və düşünülmüş siyasətini dəstəklədiklərini qeyd ediblər.
Görüşdə yekun olaraq çıxış edən səfir Q.Osmanov vətənpərvər soydaşlarımıza vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə diqqət və dəstək göstərdikləri üçün təşəkkürünü bildirib, Azərbaycanın kifayət qədər güclü və döyüşkən ordusunun olduğunu və bunun üçün əlavə dəstəyə ehtiyacın olmadığını vurğulayıb. Eyni zamanda, səfir Q.Osmanov Moldovadakı səfirliyin azərbaycanlıların ata yurdu olduğunu və hər zaman onların müraciət və təklifləri üçün açıq olduğunu diqqətə çatdırıb.
Həmçinin, həmvətənlərimizin mübarizəsini öz savad, bilik və bacarıqları ilə məhz Moldovada davam etdirməli olduqlarını qeyd edib, bu ölkədə ermənilərin istər siyasi, istərsə də, digər sahələrdə yüksək təsir imkanlarını nəzərə alaraq, azərbaycanlıları MAK ətrafında sıx birləşməklə daha güclü olmağa çağırıb.
Sonda səfirliyə toplaşan həmyerlilərimiz görüşə görə səfirə təşəkkürlərini bildirib, bütün tövsiyyələri nəzərə alaraq azərbaycanlıların bu ölkədə təşkilatlanması istiqamətdə səylərini gücləndirəcəklərini qeyd ediblər.
Maraqlana bilərsizr