© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ukrayna bir neçə saatdan sonra Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirməyə başlaya bilər

Amerika silahları ilə Rusiya ərazisinə ilk hücum bir neçə saat və ya gün ərzində başlaya bilər.

Reyting.az
 xəbər verir ki, bu barədə “New York Times” amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Əvvəl Ukraynaya verilən icazə yalnız Rusiya qüvvələrinin bu yaxınlarda yeni hücuma keçdiyi Xarkov vilayətinin müdafiəsinə aid olub. Prezident Co Bayden bu qərarı müşavirləri və əsas müttəfiqlərinin təzyiqi ilə verib:

“Prezident öz komandasına Ukraynanın Xarkov vilayətində əks-atəş etmək üçün ABŞ-nın verdiyi silahlardan istifadəni təmin etməyi tapşırıb ki, Ukrayna ona hücum edən və ya hücuma hazırlaşan Rusiya qüvvələrini dəf edə bilsin”.

Rəsmilər hazırkı siyasət dəyişikliyinin cümə axşamı qüvvəyə mindiyini söyləyir. Beləliklə, Bayden özünün cızdığı qırmızı xətti keçib. Qeyd olunur ki, Rusiya Xarkovdan kənarda daha çox hücumlar həyata keçirərsə, Ukraynanın Qərb silahlarından Rusiya ərazisinə istifadəsi ilə bağlı məhdudiyyətlər daha da yumşala bilər.

“Bu, yeni reallıqdır. Və bəlkə də Ukrayna münaqişəsində yeni dövrdür”, - yüksək vəzifəli məmurlardan biri deyib.

Bildirilir ki, məhdudiyyətlərin ləğvi ilə bağlı Ağ evdə aparılan müzakirələrdən yalnız çox kiçik köməkçilər qrupu məlumatlı olub. Jurnalistlər qeyd edirlər ki, buna görə də dünən Pentaqonun mətbuat katibi Sabrina Sinq jurnalistlərə açıqlamasında ABŞ-nın bu məsələ ilə bağlı siyasətinin dəyişmədiyini deyib - mətbuat katibi müdafiə naziri Lloyd Ostinin bir neçə gün əvvəl qadağanı ləğv etmək əmri verdiyini bilmirmiş.

Kreml də artıq ABŞ-nın qadağasının qismən götürülməsinə münasibət bildirib.

“Biz bilirik ki, artıq Rusiya ərazisinə Amerika istehsalı olan silahlarla zərbələr endirmək cəhdləri edilir və bu, bizim üçün kifayətdir. Bu, ABŞ-nın bu münaqişədə iştirakının dərəcəsini daha çox nümayiş etdirir”, - Rusiya mediası prezident Putinin mətbuat katibi Dmitri Peskovdan sitat gətirir.

E. KAMAL

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR