© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

“War Gonzo”nun təxribatçı jurnalistinə cinayət işi açıldı

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilməsi ilə bağlı yayılmış videogörüntülər təhlil edilib.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni, Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Semyon Peqovun Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən hərbi təcavüz və milli ayrı-seçkiliyin nəticəsi kimi yaradılmış “Artsax” adlandırılan qanunsuz qondarma rejimin dəstəklənməsi məqsədilə, guya həmin qurumun müdafiəsi üçün çoxsaylı könüllü erməni gənclərin səfərbər olduqlarını bildirən çəkilişlər etməsinə, işğal olunmuş ərazilərimizdə qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşmaqla Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edərək bu cür məzmunlu materialları qeyd olunan internet səhifəsində yaymasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.

Qeyd edək ki, ermənipərəst jurnalist Semyon Peqov “War Gonzo”nun əsas simasıdır.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR