© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Zəngəzur dəhlizinin tikintisi sürətlə davam etdirilir

Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulub ki, bu istiqamətdə artıq tikinti işlərinə start verilib. Tunellər şərti olaraq T1, T2 və T3 adlandırılıb.

Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə 250 metr, uzunluğu 1810 metr təşkil edən T2 tuneli üzrə isə 50 metr qazma işləri aparılıb. Qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilir. Eyni zamanda, qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması da həyata keçirilir. İnşasına yenicə başlanılan və uzunluğu 3171 metr təşkil edən T3 tunelinin giriş hissəsində tikinti işləri tamamlanaraq qazma işlərinə start verilib.

Uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin icrası da sürətlə davam edir. Belə ki, görülən işlər çərçivəsində ehtiyat keçid tikintisi 30%-i yerinə yetirilib, 38 dairəvi, 2 düzbucaqlı süni qurğu tikilib, 10 körpünün təməl və svay işləri görülüb.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edəcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR