Azərbaycan Yüksəliş Partiyası 28 May – Müstəqillik Günü ilə əlaqədar “Hürriyyət havasını tənəffüs edək!” adlı bayram tədbiri təşkil edib.
Rəsmi hissənin açılışını edən moderator, professor Qulu Məhərəmli qonaqları salamlayıb, tədbirin mahiyyəti haqqında məlumat verib.
Dövlət himni səsləndikdən və şəhidlərin ruhu yad edildikdən sonra dosent Firdovsiyyə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyətinin varlığını şərtləndirən geosiyasi amillər” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 1917-сi ildə çox mühim hadisələr baş verib: “Rəsulzadə həmin ilin yazını “hürriyyəti-novruz” adlandırırdı. Yəni Novruz sadəcə təbiət hadisəsi deyildi, siyasətdə də ciddi yeniliklər yaşanırdı. Xalqlar öz müqəddəratını təyin etmək üçün imkan qazanmışdı. Bakı Qafqaz müsəlmanlarının milli mərkəzinə çevrilmişdi.
Azərbaycanın muxtariyətinə qənim kəsilən Şaumyan belə etiraf edirdi ki, 17-ci ilin yazında Cənubi Qafqazın ən zəif partiyası olan Müsavat 18-ci ilin yazında ən güclü partiyasına çevrilmişdi. Bu gücün qarşısının alınması üçün bolşeviklər daşnaklarla birləşib bölgədə böyük qırğınlar törətdilər. Rəsulzadə o hadisələrdə həlak olanları istiqlalın ilk qurbanları adlandırmışdı”.
Tarixçi alim deyib ki, iki il ərzində Azərbaycan sovet Rusiyası hətta Azərbaycanının müstəqilliyindən öz maraqları üçün istifadə etməyə çalışdı.
“28 Mayın dərsləri” mövzusunda məruzə ilə çıxış edən professor Nəsib Nəsibli deyib ki, 28 May bizim əsas bayramımızdır: “Milli Məclisin azsaylı doğru qərarlarından biri 28 Mayın Müstəqillik Günü kimi qeyd edilməsi barədə qərarıdır. O vaxt müstəqilliyin elan edilməsi çox riskli idi. Qurucu babalarımız bu cürəti göstərdilər. Biz 28 Mayda millət olduğumuzu bəyan etdik. Keçmiş Rusiya tərkibindəki bütün xalqlar muxtariyyət istəyirdilərsə, biz müstəqillik istədik. Azərbaycan Cümhuriyyəti ilk milli, ilk demokratik, ilk layiq dövlət idi. 27 aprel faciəsinin səbəb və müsəbbiblərini hamımız bilirik. O səbəb və müsəbbiblər yenə mövcuddur. Azərbaycanı işğal edən Rusiyanın təzyiqləri, təhdidləri, erməni amili bu gün də davam edir”.
Profüssor qeyd edib ki, Ermənistan və Azərbaycan arasında tarixdə ilk müharibə 66 günlük savaşı 1920-ci ildə Ermənistanın 10 minlik ordu ilə hücumu nəticəsində baş verib: “Bu, Ermənistan və Azərbaycan arasında ilk müharibə idi. Bu faktı inkar etmək olmaz və Ermənistan ilə Azərbaycan arasındakı müharibənin tarixini 1988-ci ildən hesablamaq böyük yanlışdır. Biz münaqişənin tarixini 1988-ci ildən hesabladığımız üçün Vladimir Putin deyir ki, Qarabağ müharibəsi Sumqayıt hadisələrinə görə baş verib. Ona görə də tarixi faktlara toxunmaq lazımdır. 102 il öncə, 19 fevral 1920-ci ildə Qarabağ istiqamətində Ermənistan ordusu hücüm edib və 66 günlük müharibədən sonra məğlub olaraq geri çəkilib".
“Məhəmməd Əmin Rəsulzadənin Türkiyə illəri” mövzusunda danışan Türkiyədən gəlmiş jurnalist-yazar Selçuk Alkın bu önəmli günü belə coşğulu tədbirlə qeyd edən AY Partiyaya təşəkkür edib.
Rəsulzadənin mühacirət həyatı haqqında ətraflı məlumat verən natiq xaricdə onun gördüyü işlərdən söhbət açıb: “1908-ci ildən sonra Rəsulzadə 4 ayrı dönəmdə Türkiyədə olub. Azərbaycan Demokratik Cümhuriyyətinin işğalından 2 il sonra İstanbula gəlib. Siyasi fəaliyyətlə yanaşı, maarifçiliklə məşğul olub. Onun Türkiyəyə sonuncu gəlişindən sonra bir təşkilat qurulmasına ehtiyac yaranır və 1949-cu ildə Azərbaycan Kültür Dərnəyi təsis edilir. Rəsulzadə Kültür Dərnəyinin fəxri başqanı olmaqla yanaşı, Türkiyə Dövlətinin görəvləndirilməsi ilə Milli Kitabxanada işləyir. 1952-ci ildə dərnəyin “Azərbaycan” türk kültür dərgisi çap olunmağa başalyır. Hazırda dərnək Cəmil Ünalın rəhbərliyi ilə fəaliyyətini davam etdirir.
Haqqında yazılan yazılardan öyrənirik ki, Məhəmməd Əmin çox səliqəli geyinir, hər kəsə sayğılı davranır, hamı ona hörmət edirdi”.
Professor Ədalət Tahirzadə “Azərbaycan Cümhuriyyətinin təhsil siyasəti – 1918-1920” mövzulu məruzəsində həmin AXC-nin təhsil siyasətinə toxunub. O bildirib ki, II Dünya savaşından sonra ABŞ ölkələr “Marshall” yardımı edib: “Yaponiya ona ayrılmış bütün vəsaiti təhsilə sərf etdi. Çünki dövlət üçün hətta ordudan da öncə təhsil gəlir. 1918-ci ildə cümhuriyyət elan olundu, amma bu dövləti idarə edəcək kadrlar yox idi. Çünki çar hökuməti müsəlmanların ali təhsilini yasaqlamışdı.
Hazırda professor Misir Mərdanovla birgə bir kitab üzərində işləyirik. Bu kitab 1920-ci ilə kimi çar məktəblələrində ali təhsilə yiyələnmiş azərbaycanlılar haqqındadır. Kitabın 8 cildi artıq hazırdı və son 2 cildin üzərində işləyirik.
Ali məktəblərdə oxumuş 900 nəfərin haqqında məlumat əldə etmişik. Deyilə bilər ki, çar hökuməti icazə vermirdisə, bu qədər adam necə oxuyub? Bəli, çarın xüsusi icazəsi ilə texniki məktəblərdə oxumuşdular.
Tiflisdə Aleksandr müəllimlər institutu vardı, amma oranı bitirənlər gimnaziyada dərs deyə bilməzdilər. Çar hökuməti müsəlmanlardan kadrların hazırlanmasına, onların dövlət orqanlarında işləməsinə imkan vermirdi. Hər cür əngəl törədilirdi. O qədər çətinlik vardı ki, bu durumda cümhuriyyət böyük işlər gördü, yeni məktəblər tikildi.
Cümhuriyyət parlamentinin iki önəmli qərarı oldu: Bakı Dövlət Universitetinin yaradılması və 100 tələbənin xaricə göndərilməsi. Bu, inqilab sayılacaq addımlar idi”.
Dosent Boran Əziz isə “Azərbaycan Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Cümhuriyyət təsadüfən deyil, həmin vaxt Azərbaycanda, regionda, Rusiyada, Avropada baş verən siyasi proseslərlə yanaşı, həm də vətənimizdə aparılan şərəfli mübarizənin nəticəsi kimi ortaya çıxıb: “Bu, çar Rusiyasının vətənimizə siyasi, iqtisadi və mənəvi sahədə apardığı müstəmləkəçilik siyasətinin nəticəsindən doğan obyektiv mübarizənin nəticəsi idi. Azərbaycanın həmin vaxt apardığı mili azadlıq mübarizəsi 4 mərhələdən ibarətdir. Vətənimiz 19-cu əsrin əvvəllərində işğal edilərkən bütöv halda yox, xanlıqlar şəkilində idi. Cümhuriyyətə qədər qurulan heç bir dövlətin adı Azərbaycan, paytaxtı Bakı olmayıb. Məhz qurucu babalarımızın və Rəsulzadənin qurduğu cümhuriyyət ilk milli dövlət idi”.
Məruzəçi tədbirin təşkili üçün AY Partiyaya təşəkkürünü bildirib.
Daha sonra AY Partiya tərəfindən təsis edilən Məhəmməd Əmin Rəsulzadə mükafatı laureatlara təqdim edilib. Partiyanın 28 May - Müstəqillik Günü ilə əlaqədar keçirdiyi elmi-bədii tədbirdə elan edilən mükafat 7 tanınmış şəxsə verilib.
Mükafata layiq görülən şəxslərdən dördü dünyasını dəyişmiş görkəmli alim və ictimai-siyasi şəxslər olub.
Ölümündən sonra mükafata layiq görülənlər - Azərbaycandan professor Şirməmməd Hüseynov və professor Aydın Balayev, Türkiyədən isə tanınmış ictimai-siyasi şəxslər Sadi Somuncuoğlu və Feyzi Aküzüm olub.
Mükafata layiq görülən digər şəxslər isə Azərbaycandan görkəmli tarixçi alim, professor Nəsib Nəsibli, Cənubi Azərbaycandan siyasi-ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti irsinin təbliğatçısı Hasan Raşidiyə, Türkiyədən isə Azərbaycan Kültür Mərkəzinin rəhbəri, içtimai-siyasi xadim Cəmil Ünaldır.
Məlumat üçün bildirək ki, Məhəməd Əmin Rəsulzadə mükafatı hər il Müstəqillik Günündə Azərbaycan Xalq Cümhuriyyətinin araşdırılması, təbliği və yaşadılmasında xidmət göstərən şəxslərə təqdim olunacaq. Mükafatçıların müəyyən edilməsi üçün AY Partiya başqanı Anar Əsədlinin sərəncamı ilə Mükafatın Əsasnaməsi, Nizamnaməsi və Meyarları təsdiq olunub.
Mükafatların təqdimatı zamanı çıxış edən Rəsulzadənin nəvəsi, professor Rəis Rəsulzadə günün önəmindən danışıb, gənclərin cümhuriyyət tarixini mənimsəməsinin vacibliyinə diqqət çəkib.
AY Partiya Başqanı Anar Əsədli tədbir iştirakçılarına təşəkkür edərək, hər kəsi bayram münasibətilə təbrik edib, Müstəqillik Gününün bütöv Azərbaycanda qeyd olunacağına əminliyini bildirib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Şərh Yazın