Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biro imzalayıb.
İmzalanma mərasimində Budapeşt şəhərində yerləşən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Macarıstandakı Azərbaycan icmasının fəal üzvləri, “Macar-Turan” Beynəlxalq Fondunun əməkdaşları iştirak ediblər.
Memorandumda Azərbaycan Diasporuna Dəstək Fondu və “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin hazırlanması və icra edilməsi nəzərdə tutulur. Memoranduma xaricdə yaşayan icmaların dəstəklənməsi üçün təşkilati fəaliyyətin formalaşdırılması, təkmilləşdirilmiş strategiyaların tətbiqi, müxtəlif proqram və tədbirlərə dair ictimai məlumat bazasının yaradılması, türk xalqlarının Beynəlxalq Qurultaylarının təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq daxildir.
Sonda “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biroya Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə çap edilmiş “Azərbaycan musiqisinin inciləri”, digər kitablar və disklər hədiyyə edilib.
Qeyd edək ki, Macar-Turan Beynəlxalq Fondunda türk dünyasının tarixi ilə bağlı tədqiqatlar aparan akademiklər, tədqiqatçılar fəaliyyət göstərir. Fondun üzvləri türk dünyasının tarixini öyrənir və türk xalqlarının yaşayış tərzini, Qərbə gələrkən istifadə etdikləri yol xəritələrini, mövcud tayfaları, onların bir-biri ilə qohumluq əlaqələrini araşdırırlar. Qədim türk adətlərinin qorunması Fondun diqqət yetirdiyi əsas məqamlardandır.
Şərh Yazın