Ukraynanın paytaxtı Kiyevdə 12 ölkədən 536 idmançının iştirakı ilə kikboksinq üzrə peşəkarlar arasında "WIZARD OPEN" beynəlxalq turniri keçirilib.
Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Kikboksinq Federasiyasının təşkilatçılığı ilə dekabrın 10-dan 12-dək təşkil olunmuş turnirdə yerli kikboksçularla yanaşı, Azərbaycan, Türkiyə, Polşa, İsrail, Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Tacikistan, Moldova və Yunanıstan təmsilçiləri də yarışıblar.
Olduqca gərgin keçən döyüşlərdə Azərbaycandan gələn 19 idmançıdan 11-i qızıl, 3-ü gümüş, 4-ü isə bürünc medal qazanıb. Qızıl medal sayına görə Azərbaycan Ukraynadan sonra 2-ci yeri, Ermənistan isə sonuncu yeri tutub.
Məhəmməd İmanov, Emil Hümbətov, Xəyal Dadaşov, Amil Məmmədov, Elnur Mustafayev, Rafiq Babazadə, Amin Quliyev, Elvin Məmmədov, Rinat Qiyaslı, Qəşəm Məmmədov və Elşad Şahbazov birinci yeri tutublar. Elcan Alıkişiyev, Elməddin Baxşeliyev, Xəyal Astanov, bürünc medalla isə Vüsal Kazımov, Əli Cəfərov, Hüseyn Hacıyev, Rəvan Abdullazdə və Mirhəsən İbrahim gümüş medallarla kifayətləniblər. Turnirdə idmançılarla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin baş inspektoru, polkovnik-leytenant, “Ağ canavar” ləqəbli kikboksçu Eduard Məmmədov, cəmiyyətin məşqçisi Hikmət Hacıyev, Sərhədçi İdman Kompleksinin məşqçisi, mayor Fuad Zeynalov və Müşviq Hüseynli də olublar. Hakim qismində isə Azərbaycandan DİN İdman Cəmiyyətindən Aydın Ağabəyov iştirak edib.
Yarışda 3 yetirməsinin mübarizə apardığını deyən Eduard Məmmədov bildirib ki, onların hər biri qızıl medal qazanıb. Qaliblərin təltif edilməsinə beynəlxalq ekspertlər, Ukrayna Kikboksinq Federasiyasının Prezidenti Olqa Pavlenko ilə yanaşı, federasiyanın azərbaycanlı vitse-prezidenti Elşad İbrahimov da qatılıb. Turnir zamanı Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri, idman ustası Oleq Krapivin və diaspor üzvləri də azərbaycanlı idmançılara dəstək məqsədilə iştirak ediblər.
Mənbə: Report
Şərh Yazın