Yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin baş naziri Benyamin Netanyahu arasında kritik görüş keçirilə bilər. Reyting.az xəbər verir ki, belə sensasiyalı məlumatı “Bloomberq” yayıb.
“Bloomberq” bir müddətdir münasibətləri pozulan, lakin son aylarda yenidən normallaşma addımlarının atıldığı Türkiyə-İsrail xətti ilə bağlı diqqətçəkən iddia ilə çıxış edib.
“Bloomberq”-ə danışan mənbələrin sözlərinə görə, Ərdoğan və Netanyahu görüşünə zəmin axtarılır. Görüşün gələn ay reallaşma ehtimalının olduğu deyilsə də, adlarını açıqlamayan mənbələr iddia ediblər ki, Ərdoğan ilə Netanyahu bir-birinin əlini iyul ayında Ankarada sıxa bilər.
Xatırladaq ki, Türkiyə ilə İsrail arasında gərginlik 2010-cu ildə “Mavi Mərmərə” böhranından sonra qırılma nöqtəsinə çatmışdı. İki ölkə arasında diplomatik əlaqələr ötən ilin avqust ayından bərpa olunur.
Rusiya-Ukrayna müharibəsindən sonra tədarük zəncirindəki problemlər səbəbiylə iki ölkənin bir-birinə yaxınlaşdığını bildirən mənbələr qeyd ediblər ki, İranın bölgədəki mövqeyi Türkiyə ilə İsraili daha da yaxınlaşdırıb. İranın bölgədə artan təsirindən İsrail və Türkiyənin narahat olduğu, iki ölkənin Azərbaycanı dəstəklədiyi də qeyd edilib.
İsrail prezidenti İsaak Hersoqun ötən il Ərdoğanla görüşdüyünü xatırladan “Bloomberq”, hər iki ölkənin regionun digər ölkələri ilə münasibətlərini normallaşdırmağa çalışdıqlarını yazır.
“Hər iki şəxs öz ölkələrində təzyiq altındadır. Məhkəmə hakimiyyətinin gücünü azaldacaq qanun layihəsinin ardından Netanyahu xalq üsyanı ilə üzləşdiyi halda, Ərdoğan da iqtisadi böhranla üz-üzədir”,- nəşr qeyd edir.
Diqqətə çatdırılır ki, Ərdoğan və Netanyahu keçmişdə tez-tez bir-birlərini təhqir ediblər. Netanyahu 2020-ci ildə keçirilən mitinqdə Ərdoğan haqqında hətta zarafat da etmişdi:
“Əvvəllər prezident Ərdoğan hər 3 saatdan bir mənə Hitler deyirdi. İndi o, mənə hər 6 saatdan bir Hitler deyir, amma şükürlər olsun ki, İsraillə Türkiyə arasında ticarət artıb”.
O zaman İsrailin ən çox oxunan qəzetlərindən biri olan “Maariv” o dövrdə Netanyahunun “Düşünürəm ki, Türkiyəyə getməyən yeganə israilli mənəm. Ərdoğanla bəzi problemlərimiz olub, amma münasibətlərimiz kəskin şəkildə yaxşılaşıb”,- fikrini qabartmışdı.
Siyasətdə əbədi düşmənmçilik deyil, maraqların olduğunu diqqətə alsaq, İsrail-Türkiyə münasibətlərinin qaydada olmasından ancaq hər iki ölkə qazana bilər.
Y. QACAR
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın