Əhalinin cins və yaş quruluşu
XX əsrin əvvələrində Bakıda neft sənayesinin sürətli inkişafı prosesində ölkəyə əsasən, kişi cinsli əhali gəlirdi. Nəticədə burada əhalinin ümumi sayında kişilərin sayı çoxalmışdır.
Ölkədə əhalinin cins quruluşunun formalaşmasına İkinci Dünya müharibəsi ciddi təsir göstərmişdir. Müharibə gedişində kişi cinsli əhalinin sayının azalması ilə əlaqədar həmin vaxtdan başlayaraq ümumi əhalinin sayında qadınlar üstünlük təşkil edir. 2003-cü ilin əvvəlində isə kişilərin sayı 4023,0 min nəfər, qadın cinsli əhalinin sayı isə 4179,5 min nəfərə çatmişdir. Qadınların ümumi əhalinin sayında payı 50,9%-ə düşmüşdür. Təqaüd yaşlı əhali arasında qadınların xüsusi çəkisi artır. Buna səbəb qadınların kişilərə nisbətən çox yaşamasıdır. Şəhər və kənd əhalisinin müqayisəsi də gostərir ki, qadınlar üstünlük təşkil edir.
Ölkədə 16 yaşa qədər olan əhali əmək qabiliyyətli yaşdan kiçik qrupa daxildir. 16-57 yaşlı qadınlar, 16-62 yaşlı kişilər əmək qabiliyyətli yaşda, bu yaşdan yuxarı olanlar isə əmək qabiliyyətli yaşdan böyük əhali qruplarına aid edilir. Əmək qabiliyyətli yaşdan böyük əhalinin xüsusi çəkisi getdikcə artır.
Azərbaycanın demoqrafik inkişaf vəziyyətini əks etdirən on mühüm göstəricilərdən biri əhali arasında olan nikah və boşanma hallarının baş verməsidir.
Əhalinin milli tərkibi
Azərbaycanda 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989 və 1999-cu illərdə əhalinin siyahıya alınması aparılmışdır. 1999-cu ilin siyahıyaalma materiallarına əsasən respublika əhalisinin 90,6%-ni azərbaycanlılar, 9,4%-ni 80-dən bir çox millətin nümayəndələri təşkil etmişdir. Onlar arasında rusların xüsusi çəkisi l,8%, ermənilər 1,5%, ləzgilər 2,2%, avarlar 0,6% olmuşdur. Əhalinin qalanını isə talışlar, yəhudilər, kürdlər, tatarlar, ukraynalılar, beloruslar, tatlar, udinlər və başqa millətlərin nümayəndələri təşkil etmişdir.
Ləzgilər əsasən respublikanın Quba-Xaçmaz iqtisadi rayonunda, avarlar Şəki-Zaqatala iqtisadi rayonunda, talışlar Lənkaran-Astara iqtisadi rayonunda, kürdlər Naxçıvan və digər iqtisadi rayonlarda məskunlaşmışdılar.
Əhalinin miqrasiyası
Əhalinin miqrasiyası ayrı-ayrı vaxtlarda ölkədə baş verən içtimai-siyasi və tarixi-iqtisadi amillərin təsiri ilə getmişdir. XIX əsrin əvvəllərində (1828) Azərbaycan Rusiyamn tərkibinə qatıldıqdan sonra bura əvvəlcə ermənilər (xüsusilə Qarabağa), XIX əsrin ikinci yarısında Muğana, Gədəbəyə, Dağlıq Şirvana və Abşerona ruslar immiqrasiya etmişlər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar dünyanın bir çox regionlarından bura müxtəlif milliətlərin nümayəndələri gəlmişlər.
İkinci Dünya müharibəsi zamanı keçmiş Sovet Sosialist Respublikası İttifaqının (SSRİ) müharibə gedən ərazilərindən köçürülən rus, ukrayna, belorus və digər millətlərin bir hissəsi də respublikamıza gəlmişdir. XX əsrin 60-70-ci illərindən isə əhali Azərbaycandan Rusiya, Ukrayna, Belorus və Mərkəzi Asiya respublikalarına miqrasiya etmişdir. İlk vaxtlarda hər il respublikamızdan 0,4-40 min nəfər adam Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərinə, Sibir, Uzaq Şərq və digər regionlarına miqrasiya etmişlər. 1948-53-cü illərdə Ermənistandan 150 min nəfərdən çox azərbaycanlı məcburən tarixi torpaqlarından respublikamıza köçürülmüşdür.
1988-ci ildən sonra Qafqazda ictimai-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistandan 190 min nəfərdərn çox azərbaycanlı, Mərkəzi Asiyadan (Özbəkistan və Qırğızıstandan) 25 min nəfər türk də Azərbaycana pənah gətirmişdir. Həmin dövrdə Bakıda və ölkənin digər ərazilərində yaşayan 500 min nəfərdən çox erməni, həmçinin başqa rusdilli əhalinin müəyyən hissəsi (ruslar, yəhudilər) respublikanı tərk etmişlər. Hazırda ölkədə miqrasiya saldosu ildə mənfi 4-5 min nəfərdir. Son iki əsr ərzində 1,5 mln. nəfər azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulmuşdur.
Ölkə daxilində əhalinin miqrasiyasının əsas istiqaməti kəndlərdən şəhərə doğrudur. Miqrasiya edən əhalinin 1/5-i Bakıya gəlir. Son vaxtlar Qarabağ və Ermənistanla sərhəd rayonlarından köçürülən əhali respublikanın digər ərazilərində, xüsusilə Abşeronda yerləşdirilir.
Şərh Yazın