Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunub və 1995 il noyabrın 27-dən qüvvəyə minib.
Azərbaycan Respublikasının Konstitusiyası preambula, 5 bölmə ( Ümumi müddəalar; Əsas hüquqlar, azadlıqlar və vəzifələr; Dövlət hakimiyyəti; Yerli özünüidarəetmə; Hüquq və qanun), 12 fəsil (Xalq hakimiyyəti; Dövlətin əsasları; Əsas insan və vətəndaş hüquqları və azadlıqları; Vətəndaşların əsas vəzifələri; Qanunvericilik hakimiyyəti; İcra hakimiyyəti; Məhkəmə hakimiyyəti; Naxçıvan Muxtar Respublikası; Bələdiyyələr; Qanunvericilik sistemi; Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər; Azərbaycan Respublıkasının Konstitusiyasına əlavələr), 158 maddə və keçid müddəalarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin Əsas Qanunudur. Konstitusiya ilə Azərbaycanın dövlət quruculuğunun hüquqi əsasları müəyyən edilib. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib.
Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq Konstitusiya qanunvericilik hakimiyyətinin respublikanın Milli Məclisinə, icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsubluğunu, məhkəmə hakimiyyətinin isə məhkəmələr tərəfindən həyata keçirilməsini təsbit edir. Qanunvericilik hakimiyyətini təmsil edən Milli Məclis bir palatalı parlamentdir. Bütün xalqın təmsilçisi qismində çıxış edən Milli Məclis qanunvericilik orqanı olduğundan onun əsas funksiyası qanun yaradıcılığıdır. Milli Məclisdən başqa, heç bir orqan və ya şəxs qanunlar qəbul etmək səlahiyyətinə malik deyildir. Azərbaycanda parlamentin digər bir funksiyası da icra hakimiyyətinin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsidir. Bu funksiya Nazirlər Kabinetinin parlament qarşısında məsuliyyətinin və Milli Məclisin ona etimadsızlıq göstərmək hüququnun olmasında, respublika Prezidentinin vəzifədən kənarlaşdırılmasının mümkünlüyündə, dövlət büdcəsinin icrası üzərində nəzarətdə və belə nəzarəti həyata keçirən orqanların yaradılmasında, beynəlxalq müqavilələri ratifikasiya etmək hüququnda ifadə olunur. Milli Məclis hər il iki - növbəti yaz və payız sessiyalarına yığışır. Onun iclasları 83 deputat iştirak etdikdə səlahiyyətli hesab olunur. Növbədənkənar sessiyalar Milli Məclisin sədri, Prezident və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır. Milli Məclisin deputatlarının toxunulmazlıq hüququ vardır və bu hüquqa o, yalnız cinayət başında yaxalandıqda Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.
Azərbaycanda Prezident təsisatı ikili hüquqi təbiətə malikdir, yəni icra hakimiyyətini təmsil etməklə yanaşı, o həm də dövlətin başçısı funksiyasını yerinə yetirir. Prezident bütün seçki korpusu tərəfindən birbaşa seçildiyindən, o, Azərbaycan xalqını bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir. Eyni zamanda, Prezident dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı qismində çıxış edir. Bu öhdəliklər onun Ali Baş Komandan qismində funksiyasını şərtləndirir.
Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın ümumi sərhədinin olmaması bu bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb etmişdir. Ona görə də Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu vermişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Naxçıvan Muxtar Respublikasının muxtar dövlət kimi quruluşu bütövlükdə Azərbaycan Respublikasının dövlət quruluşundan fərqlənir. Azərbaycan Respublikası prezidentli respublikadırsa, Naxçıvan MR-də dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata keçirilir. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilmiş və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunmuşdur.
Muxtar respublikanın sayca dördüncü olan Konstitusiyası 5 fəsil və 50 maddədən ibarətdir. MR-in Konstitusiyasında qeyd olunduğu kimi, onun ərazisi Azərbaycanın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir. MR-in dövlət rəmzləri Azərbaycanın dövlət bayrağı, gerbi və dövlət himnidir.
Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər isə 2009-cu il iyulun 30-da üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin yeddinci sessiyası zamanı qəbul olunub, Konstitusiyanın 10 maddəsinə 20 əlavə və dəyişiklik edilib.
2002-ci il avqustun 24-də referendumla Konstitusiyaya edilmiş dəyişikliyə görə majoritar və proporsional seçki sisteminin birlikdə tətbiqi ləğv edilmiş və ümumi majoritar seçki sistemi müəyyən olunub. Bundan əlavə, dəyişikliklərdə fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, həmçinin Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (50+1 faiz) prinsipi ilə hesablanmasını, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika Prokurorluğuna və Ali Məhkəməsinə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tutulurdu.
2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə (12, 15, 17, 18, 19, 25, 29, 32, 39, 48, 50, 67, 71, 72, 75, 84, 88, 92, 95, 96, 101, 108, 109, 125, 129, 130, 131, 146, 149-cu maddələrə) ümumilikdə 41 əlavə və dəyişiklik edilib.
1. 12-ci maddənin I hissəsinə “azadlıqlarının” sözündən sonra “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin” sözləri əlavə edilsin;
2. 15-ci maddənin II hissəsinə “əsasında” sözündən sonra “sosial yönümlü” sözləri əlavə edilsin.
3. 17-ci maddə “Ailə, uşaqlar və dövlət” adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:
“III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”.
4. 18-ci maddənin II hissəsində “dinlərin” sözündən sonra “(dini cərəyanların)” sözləri əlavə edilsin;
5. 19-cu maddənin II hissəsində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin. 95-ci maddənin 15-ci bəndində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin. 109-cu maddənin I hissəsinin 10-cu bəndində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
“Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir”.
6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:
“IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz , yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”.
7. 29-cu maddənin IV hissəsindən “və ya ictimai ehtiyaclar” sözləri çıxarılsın;
8. 32-ci maddədə: II hissəsinin ikinci cümləsində “şəxsi həyata” sözləri “şəxsi və ailə həyatına” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır”;
III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”;
Aşağıdakı məzmunda V hissə əlavə edilsin:
“V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır”;
9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:
“III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir”;
10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
“V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz”;
11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
“III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir”;
12. 67-ci maddədə: maddənin adında “ittiham edilənlərin” sözləri “təqsirləndirilən şəxslərin” sözləri ilə, maddənin mətnində “ittiham etdiyi” sözləri «təqsirləndirdiyi» sözü ilə əvəz edilsin; maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir”;
13. 71-ci maddədə II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır”.
Aşağıdakı məzmunda IX və Х hissələr əlavə edilsin:
“IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.
Х. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər”;
14. 72-ci maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər”;
15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”;
16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”;
17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər”;
18. 92-ci maddədə “daimi və başqa” sözləri “komitələr və” sözləri ilə əvəz edilsin”;
19. 95-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:
“20) bələdiyyələrin hesabatlarının dinlənilməsi”.
146-cı maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər”;
20. 96-cı maddədə: I hissəyə “Ali Məhkəməsinə” sözlərindən sonra “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına” sözləri, II və IV hissələrinə “Ali Məhkəməsinin” sözlərindən sonra “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının” sözləri əlavə edilsin;
III hissədə “orqanın” sözü “subyektin” sözü ilə əvəz edilsin;
Aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:
“VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir”;
21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:
“V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”;
22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir”;
23. 109-cu maddənin I hissəsində: 13-cü bənddə “İcra Aparatını” sözləri “Administrasiyasını” sözü ilə əvəz edilsin;
17-ci bənddə “dövlətlərarası beynəlxalq” sözləri “dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası” sözləri ilə əvəz edilsin, 95-ci maddənin I hissəsinin 4-cü bəndində “dövlətlərarası” sözündən sonra “və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası” sözləri əlavə edilsin;
24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
“VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”;
25. 129-cu maddənin mövcud mətni İ hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:
“II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır”;
26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir”;
27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
“III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir”.
28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II və III hissələr əlavə edilsin:
“I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz .
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir”;
29. 149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:
“VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir”.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün – 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. Belə ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.
Şərh Yazın