İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, bununla da, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.
Ümumi investisiyalarının həcmi 3,1 milyard ABŞ dolları olan 23 sahibkarlıq subyektinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
İndiyədək rezidentlər tərəfindən 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dollarından çox investisiyanın da yatırılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 1,9 milyard manatdan çox satış həyata keçirilib ki, onun da 0,61 milyard manatdan çox hissəsi - təqribən 32%-i ixracın payına düşür.
Sumqayıt Kimya Sənaye Parkında hazırda 5500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
Şərh Yazın