Nizami Kino Mərkəzində “Özbək kinosu həftəsi”nə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini, professor Şuxratullo Rizayev, Özbəkistanın Əməkdar artisti Rano Şadiyeva, ssenarist Roza Merkinbayeva, aktrisa Zarina Erqaşeva və başqa qonaqlar iştirak ediblər.
Almaz Sultanzadə bildirib ki, artıq ikinci dəfə Azərbaycanda “Özbək kino həftəsi” keçirilir: “Hələ 2010-cu ildə Özbəkistanda “Azərbaycan kino həftəsi” keçirilmişdi. Bundan sonra özbək dostlarımız bizə qonaq gəldilər. Bu il biz bu ənənəni yenildik və Özbəkistanda ikinci dəfə “Azərbaycan kino həftəsi” təşkil olundu. Bu günlərdə isə bunun davamı olaraq Azərbaycanda “Özbək kino həftəsi keçirilir”.
A. Sultanzadənin sözlərinə görə, kino həftəsi çərçivəsində Şəki, Qəbələ və İsmayıllıda da filmlər nümayiş olunacaq və Azərbaycan tamaşaçıları yeni özbək filmləri ilə tanış ola biləcəklər.
“Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini, professor Şuxratullo Rizayev isə Özbəkistanda Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük marağın olduğunu vurğulayıb: “Özbəkistanda demək olar hər ay bir Azərbaycan filmi nümayiş olunur. Bunların içərisində “Əhməd haradadır?”, “Qayınana” kimi filmlərin adını çəkə bilərəm. Özbəkistanda Rəşid Behbudovun baş rolda oynadığı “Arşın mal alan” filmi isə xüsusilə sevilir. Biz artıq əlaqələrimizi daha da dərinləşdirməyi, gələcəkdə müştərək filmlər çəkmək barədə düşünürük. Sabah bir sıra görüşlərimiz olacaq. Düşünürəm ki, bu görüşlər əlaqələrimizin dərinləşməsinə öz bəhrəsini verəcək”.
Ş. Rizayev kino həftəsi boyu son illərdə çəkilən filmlərin təqdim olunacağını da diqqətə çatdırıb: “Bunların arasında tarixi filmlərlə yanaşı, müasir mövzuda çəkilmiş ekran işləri də yer alacaq”.
Qeyd edək ki, “Özbək kino həftəsi” noyabrın 24-dək davam edəcək.
Şərh Yazın