Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib, həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək, küllü miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmənin qərarına əsasən, M.Rüstəmovanın xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, bir ədəd “notebook” və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq, həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapıb.
İlkin sübutlara, həmçinin, M.Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərh Yazın