“RİA Novosti” xəbər verir ki, Azərbaycandakı Rusiya vətəndaşları da ümumxalq səsverməsində iştirak edirlər.
Səsvermə prosesi Rusiyanın Azərbaycandakı səfirliyində keçirilir.
Koronavirusa görə Bakıda tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində keçirilən səsvermə prosesində sanitar standartlara ciddi əməl edilir.
Səfirlikdə təşkil edilmiş seçki məntəqəsi Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsverməsi üçün Bakı vaxtı ilə saat 08:00-dan (Moskva vaxtı ilə 07:00-dan) etibarən açılıb. Səsvermə prosesi Bakı vaxtı ilə 20:00-a (Moskva vaxtı ilə 19:00) qədər davam edəcək.
Səsverməyə gələnlərin hərarəti ölçülür, onlara maska, rezin əlcəklər, birdəfəlik qələmlər verilir.
Səfirlik rəsmiləri seçiciləri Azərbaycan hökuməti tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən sanitar normalara və məhdudiyyətlərə riayət etməyə çağırır.
Komissiya sədri Sergey Stepanov səsvermə qaydalarına əməl olunmasını təmin etmək üçün kabinələrin qarşısında xüsusi lövhələrin quraşdırıldığını deyib.
Şərh Yazın